Logo
    main-post-cover

    R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)

         Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir. Ant Group daha çox Alipay rəqəmsal ödəniş sistemi ilə tanınan fintex şirkəti olsa da, hazırda rəqabət qabiliyyətini yeni dövrdə qorumaq üçün fəal şəkildə süni intellektə investisiya yatırır. Şirkət özünü ilk növbədə robotlar üçün “beyin” hazırlayan qurum kimi təqdim edir. Ant humanoid robotları süni intellekt əsasında çalışan çat-botların və köməkçilərin məşhurlaşdırılması üçün strateji qapı hesab edir. Ant-ın rəhbəri Zhu Xing-in sözlərinə görə, şirkət böyük süni intellekt modellərinə üstünlük verir, çünki hələ cəmiyyətin transformasiyasının ilkin mərhələsində olan bu texnologiyalar tezliklə insan-maşın qarşılıqlı əlaqəsini dəyişəcək.
         Hazırda Ant özünün BaiLing adlı böyük dil modelini hazırlayır və onun öyrədilməsi üzərində təcrübələr aparır. “Əgər humanoid robotlar evdə istifadə olunarsa, onlar yalnız gündəlik işlərdə kömək etməyəcək, həm də bulud əsaslı süni intellektdən istifadə edərək daha çox tapşırıqları yerinə yetirən super ağıllı beyinlər kimi fəaliyyət göstərəcəklər. Ant üçün bunun məntiqi var, çünki bizim məqsədimiz insanların həyatını sadələşdirməkdir - istər ödənişlər, istər maliyyə, istərsə də rəqəmsal dövlət xidmətləri sahəsində” - deyə Zhu bildirib. Məlumatlı mənbələrin sözlərinə görə, humanoid robot R1 müxtəlif Çin təchizatçılarının komponentlərindən istifadə olunaraq hazırlanıb. Şayiələrə görə, hazırda Ant Group Unitree Orbbec şirkətləri ilə danışıqlar aparır. Analitiklərin fikrincə, robotların istehsalını asanlıqla autsorsinqə vermək olar və kommersiya uğuru ilk növbədə tətbiq olunan süni intellekt modelindən asılı olacaq. Ant bildirir ki, onun süni intellekt modeli mürəkkəb tapşırıqların başdan-sonadək planlaşdırılması ilə yaxşı öhdəsindən gəlir, məkan qavrayışı sistemi isə obyektlər arasındakı qarşılıqlı əlaqələri tanıya bilir.
         Bunun sayəsində R1 yemək bişirmək və onu təqdim etmək kimi tapşırıqları yerinə yetirə bilir. Nəzəri olaraq, o həmçinin yeni reseptləri öyrənə və müxtəlif mətbəx avadanlıqlarından istifadə edə bilər. Ant-ın bəyanatlarına dair müstəqil qiymətləndirmələr hələlik mövcud deyil. Təhlükəsizlik mülahizələri səbəbilə şirkət hələ də robotunu ictimai mərkəzlərdə və restoranlarda sınaqdan keçirir və onu pərakəndə müştərilərə satmır. R1-in qiyməti də hələ açıqlanmayıb. Uzunmüddətli perspektivdə şirkət gündəlik həyatı yaxşılaşdırmaq üçün tibbi yardımdan tutmuş ev işlərinin yerinə yetirilməsinə qədər müxtəlif sahələrdə istifadə olunacaq yoldaş və köməkçi robotlar hazırlamağı planlaşdırır. Öz humanoid robotu R1-i təqdim etməklə Ant Group artıq Tesla və Unitree Robotics kimi şirkətlərin maraqlarının toqquşduğu sahədə sərt rəqabətə daxil olur. İstehsalatda robotların payı artıq ABŞ və Yaponiyadan yüksək olan Çin isə humanoidləri getdikcə daha mürəkkəb tapşırıqları yerinə yetirməyə hazırlayır.
    Paylaş