Logo
    main-post-cover

    Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

    Elm & Texnologiya
    28.09.2023
    Emil
        Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqdim edib. Bu, daha öncə təqdim edilmiş Ray-Ban Stories adlı smart eynəyin təkmilləşdirilmiş versiyasıdır. Yeni smart eynək 12 MP-lik güclü kamerası və yenilənmiş səsgücləndiriciləri ilə fərqlənir. Smart eynəyə quraşdırılmış yenilənmiş səsgücləndiricilər ondan naqilsiz qulaqlıq kimi istifadə etməyə imkan verirlər. Şirkətin verdiyi məlumata əsasən Ray-Ban Stories eynəyində istifadə edilən səsgücləndiricilərdən fərqli olaraq yeni smart eynəkdə olan səsgücləndiricilər səsi 50% daha yüksək güclə təqdim edirlər.
        Buna baxmayaraq ötürülən səs yalnız smart eynək istifadəçisi tərəfindən eşidilir. Üstəlik Ray-Ban Meta Smart Glasses özündə 5 ədəd mikrofonu birləşdirir. Bu isə öz növbəsində keyfiyyətli səsli ünsiyyət imkanını verir və həcmli səsin yazılmasını təmin edir. 12 MP-lik kamera smart eynəyin sağ hissəsində yerləşir. Sol hissədə isə xüsusi indikator mövcuddur. İstifadəçi hər dəfə foto və ya video çəkən zaman həmin indikatorun işığı yanır. Bunun sayəsində kənar şəxslər istifadəçinin çəkiliş apardığını anlayırlar. Smart eynəyin sahib olduğu 12 MP-lik kamera 1080p keyfiyyətində videoların çəkilişini təmin edir.
        Bundan əlavə olaraq kamera vasitəsilə Facebook Instagram-da canlı yayımlar da keçirtmək mümkündür. Məlumata əsasən smart eynəkdə olan batareya onun 6 saat ərzində çalışmasına şərait yaradır. Smart eynək həmçinin şarj keysinə də sahibdir və onun vasitəsilə eynəyi 8 dəfə şarj etmək olar. Qeyd etmək lazımdır ki, Ray-Ban Meta Smart Glasses smart eynəyi Qualcomm-un Snapdragon AR1 Gen 1 adlı prosessoru vasitəsilə çalışır. Kamera vasitəsilə çəkilmiş müxtəlif kontentlərin saxlanılması üçün isə smart eynək özündə 32 GB daxili yaddaş həcmini birləşdirir. Ray-Ban Meta Smart Glasses 17 oktyabr tarixində 300$-a satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər