main-post-cover

    Redmi brendi ultrabüdcəli Redmi 7A smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    17.05.2019
    Emil Nəcəfov
        Xiaomi şirkətinin Redmi brendi K20 flaqman seriyası və orta büdcəli Redmi Note 7S smartfonundan başqa həmçinin ultrabüdcəli Redmi 7A modeli üzərində də çalışır. Belə ki, sözügedən smartfon barəsində məlumat Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilib. Bu barədə Indiashopps saytına istinadən Gagadget saytı xəbər verib.

        Agentliyin məlumatlar bazasında aşkar edilmiş fotolara əsasən demək olar ki, Redmi 7A modeli plastik materialdan hazırlanmış gövdəyə və 18:9 nisbətli genişformatlı ekrana sahib olacaq. Ekran üzərində çıxıntı hissə olmayacaq. Ön panelin yuxarı hissəsində danışıqlar üçün nəzərdə tutulmuş səsgücləndirici ilə ön kameranı, aşağı hissəsində isə Redmi yazısını görmək olar. Smartfonun arxa panelində bir ədəd kamera modulu ilə LED işıqlandırma sistemi yerləşir.

        Təəssüflər olsun ki, məlumatlar bazasında sözügedən smartfonun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, Redmi 7A modeli Redmi 6A kimi HD+ keyfiyyətli ekran, MediaTek prosessoru (və ya Snapdragon 400 seriyasından olan prosessor), 2 GB RAM və 16/32 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir. Onun 100$-dan aşağı qiymət göstəricisi ilə satılacağı güman edilir.
    Linki kopyala