main-post-cover

    Redmi K30 Pro-nun gamerlər üçün olacaq özəllikləri barəsində rəsmi məlumat verildi

    Elm & Texnologiya
    19.03.2020
    Emil Nəcəfov
        Redmi K30 Pro flaqman smartfonunun təqdimatına az müddət qalmış şirkət onun barəsində daha öncədən bilinməyən məlumatları təqdim edib. Bu dəfə şirkət smartfonun texniki və proqram təminatı özəlliklərinə diqqət ayıraraq gamerlər üçün nəzərdə tutulmuş yeniliklərdən xəbər verib. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə şirkət tərəfindən verilmiş məlumata əsasən Redmi K30 Pro-da Game Turbo 3.0 texnologiyası reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, bu texnologiya mobil oyunlar zamanı smartfon resurslarının bərabər paylanmasının optimizasiyasını reallaşdırır..
        Həmçinin istifadəçilər sözügedən texnologiya vasitəsilə müxtəlif oyun ayarlarını da dəyişə biləcəklər. Məsələn istifadəçilər ekran sensorunun müəyyən hissəsinin həssaslığını artıra və ya istifadə olunmayan sensor hissəsini deaktiv edə biləcəklər. Bununla yanaşı istifadəçilər tez zamanda screenshot etməyi, smartfon ekranının videosunu çəkməyi, RAM-ı təmizləməyi, işə salınmış oyundakı detalizasiyanı yüksəltməyi, səsin dəyişilməsi funksiyasını aktivləşdirməyi və həmçinin smartfon prosessoru ilə qrafik sürətləndiricinin yüklənmə qrafikini izləməyi bacaracaqlar.
        Şirkət qeyd edib ki, Snapdragon 865 prosesssoru, LPDDR5 standartlı RAM göstəricisi və UFS 3.0 standartlı daxili yaddaş həcmi 5G dövründə ən güclü kombinasiya hesab oluna bilər. Oyunlar üçün nəzərdə tutulmuş texniki özəlliklərin stabil işlərini təmin etmək üçün Redmi K30 Pro-da yeni növ soyutma sistemi reallaşdırılacaq. Məlumata əsasən smartfonun batareya həcmi 4500 mAh-dan aşağı olmayacaq. Onun şarj cihazının gücü isə 33 vatt olmalıdır. Qeyd etmək lazımdır ki, Redmi K30 Pro flaqman smartfon modelinin təqdimatı 24 mart tarixində baş tutacaq.
    Linki kopyala