main-post-cover

    'Roadster-i kosmosa göndərdiksə, Model 3-ün istehsal problemini də həll edəcəyik'

    Elm & Texnologiya
    08.02.2018
    Emil Nəcəfov
    Falcon Heavy ağır raketinin uğurlu uçuşu Musk-ın əlində investorlarla görüşdə vacib üstünlüyə çevrilib.
        Öz kosmik uğurları barəsində Musk “Tesla” şirkətinin 2017-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrinin elan edilməsindən sonra danışıb. Bu müddət ərzində “Tesla” şirkəti rekord gəlir əldə edib. Lakin bununla yanaşı həmçinin şirkət Tesla Model 3-ün istehsal planını yerinə yetirmədiyinə görə rekord dərəcədə vəsait də itirib. Şirkət öz əsas işi hesabına 3.3 milyard dollardan çox gəlir əldə edib. Bu vəsait elektromobillərin satışı və lizinqi, energetik məhsulların satışı və müxtəlif xidmətlərin göstərilməsi üzrə əldə olunub. Ümumilikdə isə şirkət keçən il ərzində 12 milyard dollar gəlir əldə edib.
        Bununla yanaşı şirkətin 2017-ci il üzrə vəsait itkisi 2 milyard dollar təşkil edib. Hələ keçən ilin təkcə 4-cü rübündə şirkət 675 milyon dollardan çox vəsait itirmişdi. Müqayisə üçün həmin rübün 2016-cı il üzrə göstəricisi 121 milyon dollar təşkil etmişdi. Lakin “Tesla” şirkətinin əsas problemi vəsait itkisi olmadı. Maliyyə problemlərinin əsas səbəbi Tesla Model 3-ün istehsalat çətinliyi oldu. Elon Musk-ın planına əsasən şirkət keçən ilin Dekabr ayına kimi hər ay 20.000 ədəd avtomobil istehsal etməli idi. Lakin keçən ilin sonuncu rübündə şirkət yalnız 2425 ədəd avtomobil istehsal edə bildi.
        İlk 4 ay ərzində şirkət 266 avtomobil sata bildi. Baxmayaraq ki, alıcıların sayı kifayət qədər idi. Müəyyən mərhələdə aşkar olundu ki, avtomobili almaq istəyənlərin sayı 500.000-ə çatıb. Lakin şirkət istehsalat prosesində çətinliklər ilə qarşılaşdı. Beləliklə keçən ilin 4-cü rüb nəticələrinin elanından sonra Musk etiraf etdi ki, əsas problem batareyaların istehsalındadır. “Məsələ burasındadır ki, hər şeydən əvvəl məhz batareyaların istehsalında biz yaxşı olmalıyıq. Lakin biz özümüzə çox güvəndik və əmin olduq ki, batareya istehsalının öhdəsindən gələ biləcəyik” – deyə Musk bildirib. Hər-halda öz iddialı planlarından Musk əl çəkmək niyyətində deyil.
        “Əgər biz Tesla Roadster-i asteroidlər kəmərinə göndərə bildiksə çox güman ki, Model 3-ün istehsalat problemini də aradan qaldıra biləcəyik” – deyə Musk əlavə edib. Model 3 ilə bağlı problemlərin olmasına baxmayaraq keçən il şirkət ümumilikdə 102.000 ədəd avtomobil sata bildi. Bu isə 2016-cı ildəki göstəricidən 33% çoxdur. 2018-ci ilin birinci rübünün sonunadək şirkət həftədə 2500, ikinci rübün sonunadək isə həftədə 5000 ədəd Model 3 istehsal etməyi planlaşdırır. Bundan əlavə olaraq investorlarla görüş zamanı Musk qeyd edib ki, şirkətin CEO vəzifəsində dəyişikliklərin olmasından söhbət belə gedə bilməz. Bundan əlavə o qeyd edib ki, müəyyən vaxtda şirkətin məhsullarına daha çox diqqət ayıracaq. Lakin şirkətdən getməyi Musk hələ planlaşdırmır.
    Linki kopyala