
Samsung şirkəti pilotsuz avtomobillər bazarında lider şirkət olmaq üçün bütün şanslara sahibdir. Belə ki, verilmiş məlumata əsasən şirkət öz avtopilot sisteminin testini uğurla yekunlaşdırıb. Söhbət, hələ ki, şirkətin öz proqram təminatından və digər istehsalçıların hardware həllərindən istifadəsindən gedir. Məlumatda qeyd edilib ki, Samsung-un Aparıcı Texnologiyalar İnstitutunun tədqiqat şöbəsi avtopilot sistemi üçün proqram təminatını və alqoritmi yaradıb.
Yaradılmış proqram təminatı isə öz növbəsində digər şirkətlərin bir sıra texnologiyaları ilə birgə kommersiya məqsədli avtomobildə test edilib. Nəticədə avtomobil sürücünün köməyi olmadan 200 km yolu fərdi şəkildə qətt edə bilib. Məlumata əsasən şirkət 4-cü səviyyəli avtopilot sisteminin yaradılmasına çox yaxındır. Qeyd etmək lazımdır ki, 4-cü səviyyəli avtopilot sistemi çərçivəsində avtomobil bir çox vəziyyətdə sürücünün iştirakı olmadan tamamilə fərdi şəkildə hərəkət edə bilir.
Sürücü isə bu zaman öz diqqətini yola deyil, digər şeylərə ayıra bilər. Məsələn, Google bildirib ki, onun pilotsuz avtomobillər layihəsi olan Waymo artıq 4-cü səviyyəli avtopilot sisteminə sahibdir. Samsung-a gəldikdə isə onun hələ ki, öz avtomobilini istehsal etmək kimi bir fikri yoxdur. Onun yerinə şirkət digər avtomobil istehsalçılarına özünün proqram təminatı həllərini təqdim etməyi hədəfləyib.