
Samsung Exynos 2400 prosessorunun texniki göstəriciləri məlum olub
Elm & Texnologiya
21.08.2023
Emil
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Samsung öz flaqman smartfonlarına Exynos prosessorlarını geri qaytarmağı planlaşdırır. İndi isə internetdə şirkətin növbəti flaqman Exynos prosessorunun texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Söhbət, Exynos 2400-dan gedir. Ortaya çıxmış məlumatlara əsasən Exynos 2400 prosessoru 10 nüvəyə sahib olacaq və nüvələr 1 + 2 + 3 + 4 konfiqurasiyası üzrə yerləşəcəklər. Əsas nüvə Cortex-X4 olacaq və o, 3.1 GHz tezlikdə çalışacaq.
Onu 2.9 GHz tezlikdə çalışan iki ədəd Cortex-A720 nüvəsi, 2.6 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvəsi tamamlayacaq. Prosessorun bütün nüvələri ARMv9 arxitekturasına əsaslanacaqlar. Exynos 2400-ın qrafik çipinə gəldikdə isə o, AMD RDNA 2 texnologiyasının dəstəyinə sahib Xclipse 940 çipi olacaq. Məlumatda qeyd edilib ki, Samsung-un yeni flaqman prosessoru LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və 320 MP-ə kimi kameraları dəstəkləyəcək. Çox güman ki, Exynos 2400 prosessoru gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasının tərkibində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər