
Samsung Exynos 2400 prosessorunun texniki özəllikləri barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
25.04.2023
Emil
Samsung şirkətinin yeni flaqman mobil prosessoru barəsində yeni məlumatlar internetdə ortaya çıxıb. Söhbət, Exynos 2400 prosessorundan gedir. İnsayderlər sözügedən prosessorun texniki göstəriciləri ilə yanaşı onun güman olunan bençmark nəticələrini də təqdim ediblər. Məlumatda qeyd edilib ki, Exynos 2400 10 nüvəli mərkəzi prosessor əldə edəcək. Mərkəzi prosessor isə özündə 3.1 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.9 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A720 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvəsini birləşdirəcək.
Bununla yanaşı insayderlər bildiriblər ki, Exynos 2400 prosessoru AMD-nin RDNA 2 arxitekturası əsasında qurulmuş 12 nüvəli Xclipse 940 qrafik çipinə sahib olacaq. Exynos 2400 LPDDR5X standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, Samsung-un yeni flaqman mobil prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 1530 xal, çox nüvəli testi çərçivəsində isə 6210 xal toplayır. Prosessorun Geekbench testlərində maksimal göstəriciləri isə 1711 xal və 6967 xal təşkil edir. Bu isə o deməkdir ki, Exynos 2400 prosessoru Snapdragon 8 Gen 2-dən daha sürətlidir və çox nüvəli test çərçivəsində Apple A16 Bionic-dən 30% daha güclüdür.
Paylaş
Bənzər xəbərlər