Logo
    main-post-cover

    Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub

    Elm & Texnologiya
    23.06.2025
    Emil
         Samsung şirkəti öz yeni flaqman mobil prosessorunu təqdim edib. Söhbət, Exynos 2500-dan gedir. Bu, şirkətin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk mobil prosessorudur. Exynos 2500 daha əvvəlki Exynos modelləri ilə müqayisədə daha yüksək performansı, daha yaxşı enerji effektivliyini və süni zəka imkanlarını təmin edir. Exynos 2500 prosessoru 10 nüvəlidir. Nüvələr “1 + 2 + 5 + 2” sxemi üzrə yerləşiblər. Yəni Samsung-un bu yeni prosessoru özündə 3.3 GHz tezlikli 1 ədəd Cortex-X5 nüvəsini, 2.74 GHz tezlikli 2 ədəd Cortex-A725 nüvəsini, 2.36 GHz tezlikli 5 ədəd Cortex-A725 nüvəsini və 1.8 GHz tezlikli 2 ədəd Cortex-A520 nüvəsini birləşdirir.
         Prosessorun qrafik imkanlarından AMD RDNA 3 əsaslı Xclipse 950 GPU qrafik çipi cavabdehdir. Bu qrafik çip həmçinin ray tracing texnologiyasını dəstəkləyir. Samsung bu yeni prosessorda xüsusi diqqəti yeni nəsil neyron çipinə (NPU) ayırıb. Exynos 2500-ın sahib olduğu NPU saniyədə 59 trilyon əməliyyatı yerinə yetirə bilir. Bu isə Exynos 2400-ın sahib olduğu NPU-nun göstəricisindən 39% daha çoxdur. Bu cür yeni nəsil NPU öz növbəsində cihazda lokal generativ süni zəka imkanlarına yol açır.
         Exynos 2500 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları, 320 MP-ə kimi olan kameraları, saniyədə 30 kadr sürətlə 8K keyfiyyətli videoların çəkilişini, LPDDR5X standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessora quraşdırılmış 5G modem isə saniyədə 12.1 Gbit sürəti təmin edir və üstəlik peyk şəbəkəsini dəstəkləyir. Gözləntilərə əsasən Exynos 2500 prosessorunu əldə edəcək ilk smartfon qatlana bilən qapaqlı Galaxy Z Flip 7 olacaq. Sözügedən smartfonun isə gələn ay təqdim olunacağı gözlənilir.
    Paylaş