
Samsung Galaxy Tab S9 planşetlərinin texniki özəllikləri barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
22.06.2023
Emil
Gələn ayın sonunda baş tutacağı gözlənilən Galaxy Unpacked tədbiri çərçivəsində Samsung şirkəti Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə yanaşı həmçinin Galaxy Tab S9 planşet seriyasını da təqdim etməlidir. Sözügedən planşet seriyasına Galaxy Tab S9, Tab S9+ və Tab S9 Ultra modelləri daxil olacaqlar. İndi isə insayderlər bu planşet modellərinin bəzi texniki göstəriciləri barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən hər 3 planşet modeli Dynamic AMOLED 2X ekran ilə təchiz olunacaq.
Adi Galaxy Tab S9 modeli 11 düym, Tab S9+ modeli 12.4 düym, Tab S9 Ultra modeli isə 14.6 düym ekrana sahib olacaq. Ekranların minimum 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəkləri gözlənilir. Lakin bəzi modellərdəki ekranlarda təsvir yenilənməsinin göstəricisi 144 Hz də təşkil edə bilər. İnsayderlərin vermiş olduqları məlumata əsasən Galaxy Tab S9 modeli 8000 mAh, Tab S9+ modeli 10 090 mAh, Tab S9 Ultra modeli isə 11 200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər 3 planşetin 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər