
Samsung-un öz smart üzüyünü nə zaman təqdim edə biləcəyi məlum olub
Elm & Texnologiya
09.10.2023
Emil
Samsung şirkətinin smart üzük üzərində çalışdığı barəsində məlumatlar artıq uzun müddətdir ki, ortaya çıxırlar. Lakin bu yeni cihazın nə zaman təqdim olunacağı hələ tam aydın deyil. Daha öncəki məlumatlarda qeyd edilmişdi ki, Samsung-un smart üzüyü gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyası ilə birgə təqdim oluna bilər. Lakin verilmiş yeni məlumata əsasən böyük ehtimalla smart üzük gələn ilin əvvəlində təqdim olunmayacaq. Koreyanın The Elec adlı saytının vermiş olduğu məlumata əsasən Samsung sözügedən yeni cihazın dizaynı ilə bağlı problemlə qarşılaşdığı üçün smart üzük gələn ilin əvvəlində təqdim olunmayacaq.
Məlumata əsasən smart üzük çoxlu sayda funksiyanı dəstəkləsə də onun ölçüsü olduqca böyükdür. Buna görə də şirkət mühəndisləri smart üzüyün ölçüsünü kiçiltməli və bununla belə onda mümkün qədər daha çox funksiyanı qoruyub saxlamalıdırlar. Məlumatda həmçinin qeyd edilib ki, Samsung-un smart üzüyü 4 ölçüdə təqdim olunacaq. Bunun vasitəsilə hər bir istifadəçi özünə uyğun ölçüdə smart üzüyü əldə edə biləcək. The Elec saytının məlumatına əsasən şirkət öz ilk smart üzüyünü gələn ilin üçüncü rübündə qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birlikdə təqdim etməyi planlaşdırır. Lakin əgər həmin müddətə kimi şirkət smart üzüyü tibbi cihaz kimi sertifikatlaşdıra bilməsə onun təqdimatı 2025-ci ilə kimi təxirə salınacaq.
Paylaş
Bənzər xəbərlər