main-post-cover

    Şaquli şəkildə dönə bilən Samsung Sero televizoru təqdim olunub

    Elm & Texnologiya
    30.04.2019
    Farid Pardashunas
        Samsung şirkəti özünün televizor seriyasını bir neçə yeni model ilə genişləndirdi. Lakin yeni televizor modellərinin arasında ən çox diqqəti çəkən məhz Samsung Sero adlı televizordur. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, xüsusi dayaq hissəsi hesabına Samsung Sero adlı televizorunu adi üfüqi istiqamətdə və ya şaquli istiqamətdə yerləşdirmək mümkündür. Şirkətin verdiyi məlumata əsasən şaquli istiqamətdə yerləşdirilmiş televizorda smartfon vasitəsilə şaquli şəkildə çəkilmiş video və fotoları rahatlıqla izləmək olar. Bu halda ekranın kənarlarında qara rəngli qalın zolaqlar olmayacaq.

        Həmçinin şaquli şəkildə yerləşdirilmiş televizorda Instagram-dakı paylaşımları, həmin paylaşımlara olan rəyləri rahatlıqla izləmək olar və digər servislərdən istifadə etmək olar. Başqa sözlə desək, Samsung Sero ölçüsü bir neçə dəfə böyüdülmüş smartfonu xatırladır. Buna görə də Samsung gənclər və biznes strukturlar tərəfindən bu televizor modelinə tələbatın olacağını gözləyə bilər. Smartfonun sözügedən televizora rahatlıqla qoşulması üçün Samsung Sero NFC moduluna sahibdir.

        Samsung Sero 43 düym QLED ekrana sahibdir. Ekranın keyfiyyəti barəsində məlumat verilməsə də güman etmək olar ki, o, 4K ekrandır. Bununla yanaşı televizorda 60 vatt gücündə 4 kanallı səsgücləndiricilər var və televizorun özü Samsung Bixby səsli köməkçisini dəstəkləyir. Samsung Sero-nun satışlarına Cənubi Koreyada may ayının sonunda start veriləcək. Televizorun digər bazarlarda nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur. Televizor 1630$ qiymətində satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər