main-post-cover

    Satışa çox yaxın: Qatlana bilən Huawei Mate X modeli TENAA'nın məlumatlar bazasında aşkar edildi

    Elm & Texnologiya
    20.07.2019
    Emil Nəcəfov
        Huawei şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-i hələ fevral ayının sonunda təqdim etmişdi. Lakin smartfon hələ də satışa çıxmayıb. Samsung şirkətinin qatlana bilən Galaxy Fold smartfon modeli ilə baş vemriş problemlərdən sonra Huawei şirkəti Mate X-in əlavə testlərini keçirtmək qərarını verərək smartfonun satışını təxirə saldı. Görünür, həmin testlər uğurla başa çatıb və smartfon artıq satışa çıxmağa hazırdır.
        Belə ki, Mate X smartfonu Çinin TENAA sertifikatlaşdırma agentliyinin məlumatlar bazasnda ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Galaxy Fold-dan fərqli olaraq Mate X-in ekranı daxili istiqamətə deyil, xarici istiqamətə qatlana bilir. Tam açıq şəkildə smartfon 2480x2200 piksel keyfiyyətli 8 düym AMOLED ekrana sahib olur. Qatlanmış şəkildə cihaz iki ekrana sahib olur. Onlardan biri 19.5:9 nisbətli və 2480x1148 piksel keyfiyyətli 6.6 düym ekran, digəri isə 25:9 nisbətli və 2480x892 piksel keyfiyyətli 6.38 düym ekrandır.
        Əsas texniki göstəricilərə gəldikdə isə Mate X modeli Kirin 980 prosessoru, Balong 5000 adlı 5G modem, 6/8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 40 MP + 16 MP +8 MP üçlü kamera, 55 vatt gücündə enerji qəbul etməyə qadir SuperCharge adlı sürətli enerji yığma texnologiyasına sahib 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı TENAA məlumatlarında qeyd olunub ki, Mate X modeli Android Pie əməliyyat sistemi vasitəilə çalışacaq. Smartfonun dəqiq qiyməti barəsində bir məlumat yoxdur. Lakin onun 2500$-a satılacağı güman edilir.
    Linki kopyala