
Samsung şirkətinin bu ilin əvvəlində təqdim etmiş olduğu Galaxy S23 smartfon seriyasının bütün modelləri Snapdragon 8 Gen 2 prosessorununu xüsusi versiyasına sahibdirlər. Söhbət, Snapdragon 8 Gen 2 for Galaxy prosessorundan gedir. Bu prosessor adi Snapdragon 8 Gen 2-nin bir qədər sürətləndirilmiş versiyasıdır və o, Samsung-un flaqman smartfonları üçün nəzərdə tutulub.
Lakin Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən Samsung-un Snapdragon 8 Gen 2 prosessorunun daha sürətləndirilmilş versiyasına olan monopoliyası yekunlaşıb. Bu isə o deməkdir ki, daha sürətli şəkildə çalışan Snapdragon 8 Gen 2 prosessoru yaxın zamanda digər brendlərin smartfonlarında da istifadə ediləcək. Bu məlumatın fonunda ortaya çıxmış digər bir məlumat sızıntısı da diqqəti cəlb edir.
Belə ki, məlumat sızıntısına əsasən Qualcomm şirkəti yaxın zamanda Snapdragon 8+ Gen 2 prosessorunu təqdim edəcək və onun texniki özəllikləri Galaxy S23 smartfonlarında istifadə edilən Snapdragon 8 Gen 2 for Galaxy prosessorunun texniki özəllikləri ilə eynidir. Sürətləndirilmiş Snapdragon 8 Gen 2-nin adi versiyadan fərqi ondadır ki, onun əsas nüvəsinin çalışma tezliyi 3.2 GHz-dən 3.36 GHz-ə, qrafik çipinin çalışma tezliyi isə 680 MHz-dən 719 MHz-ə yüksəlib. Ümumi göstəricilərə əsasən Galaxy S23 smartfonlarında istifadə edilən Snapdragon 8 Gen 2 prosessoru adi versiyadan 5% daha sürətlə çalışır.