
Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq internetdə artıq həmin prosessor barəsində məlumatlar ortaya çıxır. İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm-un yeni flaqman prosessoru əvvəlki modellərdən daha güclü olacaq və smartfonlarda yüksək performansı təmin edəcək. Bəzi məlumatlara əsasən yeni prosessor Snapdragon 898 adını əldə edə bilər. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında prosessorun Snapdragon 895 adını əldə edəcəyi qeyd olunurdu.
Sözügedən prosessorun arxitekturası özündə 3.09 GHz tezlikdə çalışan 1 ədəd X2 nüvəsini, 3 ədəd yüksək performanslı Cortex-710 nüvəsini və 4 ədəd Cortex-510 nüvəsini birləşdirə bilər. Bütün bu nüvələr 64 bit-lik V9 arxitekturası əsasında yaradılıb. İnsayderlər qeyd ediblər ki, Snapdragon 898 prosessoru Geekbench 5 bençmark saytının birnüvəli testində 1250 xal, çoxnüvəli testində isə 4000 xal toplayır. Gözləntilərə əsasən sözügedən prosessor AnTuTu testində 1.000.000 xal toplaya bilər.
Bundan əlavə olaraq Snapdragon 898-in Adreno 730 qrafik çipi, təsvirlərin emalı üçün nəzərdə tutulmuş Spectra prosessoru və LPDDR 5 RAM yaddaş dəstəyini əldə edəcəyi güman edilir. Snapdragon 898 4 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bu il Snapdragon 898-in istehsalı ilə Samsung məşğul olacaq. Gələn il isə istehsalat prosesinə həmçinin Tayvanın TSMC şirkəti qoşulacaq. Snapdragon 898-i ilk olaraq hansı smartfonların əldə edəcəkləri bilinmir.
Şərh yoxdur