main-post-cover

    SpaceX şirkəti raket icarəsi servisini işə saldı - QİYMƏTİ

    Elm & Texnologiya
    06.02.2020
    Emil Nəcəfov
        SpaceX şirkəti Falcon 9 raketinin hissələrinin icarəyə verilməsi servisini işə salıb. Beləliklə Falcon 9 vasitəsilə 200 kq ağırlığında yükün heliosinxron orbitə çatdırılmasının qiyməti 1 milyon dollardan başlayır. Hər növbəti 1 kq üçün şirkət 5$ tələb edəcək. Bu barədə Techcrunch saytı xəbər verib. Gözləntilərə əsasən bu servis böyük olmayan peykləri kosmosa göndərmək istəyən, lakin raket texnologiyasına əlavə vəsaiti olmayan şirkətlər üçün sözügedən xidməti daha uyğun qiymətə reallaşdırmağa imkan verəcək.
        Məlumata əsasən bütün raketin icarəsinin bazar dəyəri 60 milyon dollardan yüksəkdir. Şirkət tərəfindən istifadəyə verilmiş servis həmçinin daha aşağı orbitlərə yüklərin göndərilməsi xidmətini də təklif edir. Həmin orbitlərə yüklərin göndərilməsinin hansı qiymətə başa gələcəyi barəsində hələki bir məlumat yoxdur. SpaceX qeyd edib ki, heliosinxron orbitə yüklərin göndərilməsi hər 4 aydan bir keçiriləcək. Digər orbitlərə yüklərin göndərilməsi məsələsini şirkət öncədən dəqiqləşdirməyi təklif edir. Məlumatda qeyd edilib ki, raket hissəsinin icarəsi zamanı icarədar göndəriləcək yükün çəkisini, istifadə ediləcək raketin növünü, yükün göndəriləcək orbitini və göndərilmə tarixini seçməlidir.
        Gözləntilərə əsasən bu servis vasitəsilə reallaşdırılacaq ilk uçuşlar bu ilin iyun ayında baş tutacaqlar. Uçuşun bronlaşdırılması üçün icarədar 5000$ depozit ödəməlidir. SpaceX şirkəti sifarişi təsdiqləyəndən sonra icarədar 3 tranş sistemi ilə tam ödənişi reallaşdıracaq. Əlavə olaraq uçuş sifarişini edəcək təmsilçi 2 milyon dollara əlavə olaraq sığorta da əldə edə bilər. Uçuşlar Kanaveral zonasından, Florida ştatındakı Kennedi adına kosmik mərkəzdən və Kaliforniyadakı Vandenberq bazasından reallaşdırılacaqlar. 
    Linki kopyala