Logo
    main-post-cover

    SpaceX şirkəti Starship-in 6-cı test uçuşunu keçirib (VİDEO)

    Elm & Texnologiya
    20.11.2024
    Emil
         SpaceX şirkəti Starship-in 6-cı test uçuşunu reallaşdırıb. Daha öncə gözlənilirdi ki, Starship-i kosmosa göndərmiş Super Heavy raketinin birinci pilləsi 5-ci kosmik uçuş testində olduğu kimi xüsusi konstruksiya vasitəsilə havada tutulacaq. Lakin nəticədə sürətləndirici raketin birinci pilləsi Meksika körfəzinin sularına eniş edib. Daha sonra SpaceX nümayəndəsi bildirib ki, uçuş zamanı hansısa nasazlıq baş verib və baş vermiş nasazlıq raketin birinci pilləsinin start meydançasına təhlükəsiz enişi üçün problemlər yarada bilərdi. Buna görə də SpaceX mühəndisləri riskə getmək istəməyiblər.
         Starship-in özünə gəldikdə isə o, kosmos istiqamətində uçuşunu uğurla davam etdirib. Orbital hündürlüyə qalxandan bir neçə müddət sonra Starship öz mühərriklərindən birini işə salıb. Bu, Starship mühərrikinin vakuumda işə salınması üzrə ilk təcrübə idi. Uçuşa start veriləndən 47 dəqiqə sonra isə Starship yenidən atmosferə daxil olub. Startdan təqribi olaraq 1 saat 5 dəqiqə sonra Starship Hindistan okeanına eniş edib. Starship-in 7-ci test uçuşunu bir qədər gözləmək lazım gələcək. Belə ki, şirkət 7-ci test uçuşunda istifadə ediləcək Starship-i bir qədər təkmilləşdirəcək. Bunun 2025-ci ilin əvvəlində baş tutacağı gözlənilir.
    Paylaş