Logo
    main-post-cover

    SpaceX Starship-in 11-ci sınaq uçuşunun tarixini elan edib

         SpaceX şirkəti 13 oktyabrda Starship kosmik gəmisi ilə birlikdə nəhəng Super Heavy raketinin 11-ci sınaq uçuşunu keçirməyi planlaşdırır. Bu barədə məlumat SpaceX-in sosial şəbəkə X-dəki səhifəsində dərc olunub. “Starship-in 10-cu sınaq uçuşu dünyanın ilk tamamilə çoxistifadəli daşıyıcı raketinin hazırlanmasında əhəmiyyətli addım oldu. Starship gəmisinin 11-ci sınaq uçuşu 13 oktyabr, bazar ertəsinə planlaşdırılıb” - deyə SpaceX-in məlumatında bildirilib. Mövcud məlumata görə, buraxılış pəncərəsi 13 oktyabrda yerli vaxtla saat 18:15-də açılacaq. Starship uçuşunun canlı yayımını şirkətin YouTube kanalında izləmək mümkün olacaq. Yayım startdan 30 dəqiqə əvvəl başlayacaq.
         11-ci sınaq uçuşu çərçivəsində SpaceX yeni nəsil sürətləndiricilərin hazırlanmasına kömək edəcək məlumatları toplamağı planlaşdırır. Bundan əlavə, istilikdən qoruyucu ekranın sınağı və start meydançasına qayıdış üçün manevrlərin işlənməsi həyata keçiriləcək. Nəhəng Super Heavy sürətləndiricisi 24 Raptor mühərriki ilə təchiz olunub. Uçuş zamanı eniş üçün mühərriklərin yeni konfiqurasiyası sınaqdan keçiriləcək. Eniş Meksika körfəzində baş tutacaq, yəni start meydançasına geri dönüş olmayacaq. Dəqiq idarəetmə və yumşaq eniş üçün əvvəlcə 13 mühərrik işə salınacaq, sonra onların sayı 5-ə, daha sonra isə 3-ə endiriləcək.
         Raketin ikinci pilləsi orbitə 8 Starlink peyk maketini çıxarmalı, həmçinin kosmosda mühərriklərin təkrar işə salınmasını həyata keçirməlidir. İstilikdən qoruyucu plitələrin bir hissəsi atmosferə daxilolma zamanı konstruksiyanın dayanıqlığını yoxlamaq üçün söküləcək. Son mərhələdə dinamik maillik manevri və hədəfə yönəltmə alqoritmlərinin sınağı Hind okeanında suya enməzdən əvvəl həyata keçiriləcək. Əvvəlki Starship sınaq uçuşu 27 avqustda keçirilib. Startdan bir neçə dəqiqə sonra gəmi sürətləndiricidən uğurla ayrılıb, sürətləndirici isə mühərriklərini işə salaraq eniş üçün bir neçə manevr icra edib. Starship isə hündürlük qazanmağa davam edib və startdan təxminən 20 dəqiqə sonra Starlink telekommunikasiya peyklərinin maketlərinin açılmasına başlayıb.
    Paylaş