
Starship Marsa 3 dəfə daha tez çatmağa imkan verəcək
Elm & Texnologiya
03.06.2025
Emil
Alimlərin fikrincə, əgər Elon Musk-a məxsus SpaceX şirkəti nəhayət Starship raketini istismara verməyi bacarsa, bu raketin köməyi ilə Qırmızı planetə - Marsa - daha sürətli çatmaq mümkün olacaq. Hazırda SpaceX dünyanın ən güclü və ən böyük raketi olan Starship ilə 9 sınaq uçuşu həyata keçirib. Sonuncu sınaq isə uğursuzluqla nəticələnib. Buna baxmayaraq, Elon Musk-ın şirkətinin yaxın gələcəkdə bu raketi rəsmi olaraq istifadəyə vermək ehtimalı var. Starship raketinin əsas təyinatlarından biri yüklərin və insanların Marsa daşınmasıdır. Hazırda NASA və Çin ilk astronavtları Marsa 2030-cu və ya 2040-cı illərdə göndərməyi planlaşdırırlar. Lakin SpaceX bunu daha tez reallaşdırmaq niyyətindədir.

Elon Musk daha əvvəl bəyan etmişdi ki, Starship raketi ekipajsız şəkildə bu onillikdə Marsa göndərilə bilər. Xatırladaq ki, bu raket Super Heavy sürətləndiricisindən və Starship adlı kosmik gəmidən ibarətdir. Məhz bu sonuncu gəmi gələcəkdə insanları Qırmızı planetə çatdırmalı olacaq. Müasir kimyəvi raket mühərrikləri ilə Marsa uçuş təxminən 9 ay çəkir, lakin bəzi hallarda bu müddəti 6 aya qədər azaltmaq mümkündür. Eyni zamanda, NASA və dünyanın müxtəlif özəl şirkətləri Marsa uçuş müddətini 3 aya endirə biləcək nüvə raket mühərrikləri üzərində işləyirlər. Araşdırmanın müəllifləri Starship istifadə olunmaqla Marsa uçuş müddətini 90-104 günə endirə biləcək trayektoriyalar müəyyən ediblər.

Alimlər hesab edirlər ki, hazırda işlənən nüvə raket mühərrikləri daha güclü itələmə qüvvəsi yaradaraq kosmik gəminin daha yüksək sürətlə hərəkət etməsinə imkan verə bilər, lakin bu texnologiyalar hələ real tətbiqdən çox uzaqdır. Tədqiqatçılar bildirirlər ki, nüvə mühərriklərindən istifadə xeyli baha başa gələcək və əslində adi kimyəvi mühərriklər vasitəsilə də Marsa uçuş müddətini 3 aya qədər azaltmaq mümkündür. SpaceX şirkətinin planlarına əsasən, gələcək Mars uçuşları 6 ədəd Starship kosmik gəmisinin köməyi ilə həyata keçiriləcək. Onlardan dördü 400 ton yük, digər ikisi isə 200 sərnişin daşıyacaq.

Gəmilər Marsa çatdıqdan sonra onların yanacağı yerli şəraitdə, oradakı karbon qazı və buz şəklində olan su əsasında istehsal olunaraq doldurulacaq. Təxminən 3-4 ay sonra sərnişinlərlə dolu gəmilər Yerə geri dönə biləcəklər. Alimlər Starship vasitəsilə Marsa uçuş üçün bir neçə uçuş trayektoriyası hesablayıblar. Məsələn, bir kosmik gəmi Yer kürəsini 2033-cü il aprelin 30-da tərk etməlidir - bu zaman Mars Yerə maksimum yaxın olacaq (bu vəziyyət hər 26 ayda bir baş verir). Beləliklə, gəmi Marsa 90 günə çatacaq. Daha sonra insanlar 2035-ci il iyulun 2-də, yəni 90 gün sonra Yerə qayıda biləcəklər.

İkinci gəmi Yer kürəsini 2035-ci il iyulun 15-də tərk etməli və 2037-ci il dekabrın 5-də geri qayıtmalıdır. Beləliklə, Marsa uçuş və geriyə dönüş 104 gün davam edəcək. Alimlərin fikrincə, 2033-cü il üçün nəzərdə tutulan trayektoriya ən optimal variantdır, çünki bu marşrut yanacaq sərfiyyatını azaldır və uçuş müddətini qısaldır. Bununla belə, alimlər bildirirlər ki, hazırda ən vacib məsələ tam işlək Starship raketinin yaradılması, eləcə də kosmik gəmilərin həm Marsda, həm də onun orbitində yanacaqla təchiz olunması üçün sistemlərin hazırlanmasıdır. Əlbəttə, Mars səthində yanacaq doldurma stansiyalarının inşası da ayrıca bir problemdir. Alimlər qeyd edirlər ki, indiyə qədər heç kim başqa bir planetdə yanacaq istehsal etməyə cəhd göstərməyib.
Mənbə: Universe Today
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
