main-post-cover

    Stenford Universiteti yoxsulluğun aradan qaldırılmasını süni zəkaya həvalə edəcək

    Elm & Texnologiya
    16.01.2019
    Emil Nəcəfov
        Stenford Universitetindən olan alimlər komandası yeni nəsil texnologiyaların köməyi ilə varolan problemi hərtərəfli müşahidə etmək və yoxsulluğun ilkin səbəblərini aradan qaldırmaq üçün böyük həcmli məlumatların yığılması ilə məşğul olur. Yoxsulluq insanlığın ən qlobal problemlərindən biridir. 2000-ci ildə bu problemlə mübarizə, BMT-nin “minilliyin əsas məqsədi” kimi seçilmişdi. Yoxsulluq təkcə insanların ölümlərinə səbəb olmur, həmdə ölkə iqtisadiyyatına baha başa gəlir. ABŞ əhalisinin yoxsulluq içərisində yaşayan 13%-nin sosial yardımına hər il ölkə büdcəsinin 1/4 hissəsi xərclənir. Bu barədə Hightech.plus saytı xəbər verib.
        Professor Geoffrey Cohen bu problemin yeni həll üsulunu tapmaq üzrə çalışacaq xüsusi qrupa rəhbərlik edəcək. Alimlər böyük həcmli məlumatları analiz etmək və hansı faktorların, yoxsulluğun inkişaf etməsinə, hansı faktorların isə yoxsulluqla mübarizəni məhdudlaşdırmasına təsir etdiyini öyrənmək üçün machine learning sahəsinin son nailiyyətlərindən istifadə etmək niyyətindədirlər. “Biz, bu köhnə problem ilə mübarizə üçün Silikon Vadisinin alətlərindən istifadə etməyə hazırlaşırıq” – deyə Geoffrey Cohen bildirib.
        Tədqiqatçılar yoxsulluğu vahid bir problem kimi deyil, bir neçə qəliz problemin nəticəsi kimi qəbul edirlər. Hər bir ilkin səbəbin yaranışı, tarixi və fəaliyyət mexanizmi var. Buna görə də onunla mübarizə də fərqlənməlidir. Cohen və onun komandası daha öncə gözdən qaçmış qanunauyğunluqları ortaya çıxarmaq üçün demoqrafik məlumatlar, sosial şəbəkə məlumatları, mesajlar, Google Street View məlumatları və əmək bazarı məlumatları da daxil olmaqla hal hazırda olan və yeni məlumatlar toplusunu xüsusi alqoritm vasitəsilə tədqiqatına start vermək istəyirlər.
        Məsələn onlar genetika məsələsinə xüsusi diqqət ayırmaq istəyirlər. Belə ki, məlumdur ki, ac qalmış şəxsin keçirtdiyi uzunmüddətli stress halı orqanizmə mənfi təsir göstərə biləcək genləri aktivləşdirir. Cohen-in üsulu yoxsulluq ilə mübarizə üçün nəzərdə tutulmuş standart üsullardan fərqlənir. “Bir çox tədqiqatçılar qərarın qəbul edilməsindən başlayırlar. Onlar ixtisaslaşmanın yüksəlməsi proqramlarını və ya məsələn tibbi proqramları araşdırırlar. Onlar uğurla hesablanmış təcrübələr aparır və nəticələri tətbiq edirlər. Biz isə tam əksini edirik. Belə ki, biz müqavimət mexanizminin dəqiq hesablanması üçün problemin özündən başlayırıq və onun yaratdığı bütün təzahürlər barəsində məlumatları yığırıq” – deyə Cohen bildirib.
        Nəticədə Cohen əldə ediləcək məlumatlar bankını diaqnostik xəritəyə çevirməyi planlaşdırır. Bu diaqnostik xəritə isə yoxsulluğun aradan qaldırılması yolunda ölkənin sərf etdiyi gücə yardımçı olacaq. Microsoft şirkətinin yaradıcısı Bill Gates-in fikrincə 2030-cu ilə kimi yoxsulluğu tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Hətta bir neçə onilliklərdən sonra da bəzi regionlarda olan yoxsul əhali sayının göstəricisi dəyişməyəcək. Bill Gates ilə Melinda Gates-in xeyriyyə fondunun hesabatına əsasən son illərdə yoxsulluğun aradan qaldırılması üçün nəzərdə tutulmuş proseslər bir xeyli ləngiyib. Bunun əsas səbəbi isə yoxsul regionlarda əhali sayının artmasıdır.
    Linki kopyala