Logo
    main-post-cover

    Tarixdə ikinci dəfə özəl şirkətin kosmik aparatı Aya uğurlu eniş etməyi bacarıb

    Elm & Texnologiya
    03.03.2025
    Emil
         Blue Ghost avtomatik kosmik stansiyası Aya yumşaq eniş edib. Bunun sayəsində bu aparatın yaradıcı şirkəti olan ABŞ-ın Firefly Aerospace şirkəti, belə bir uğura tarixdə imza atmış ikinci özəl şirkət (birincisi Intuitive Machines) oldu. Təxminən 2 metr hündürlüyündə olan Blue Ghost, Ayın görünən tərəfində eniş edib. Aparatın kosmosa buraxılışı 15 yanvar tarixində SpaceX Falcon 9 raketi ilə həyata keçirilmişdi. Firefly Aerospace-in baş direktoru Jason Kim enişdən sonra Blue Ghost aparatının stabil və şaquli vəziyyətdə olduğunu bildirib. O əlavə edib: "Hər bir element enişdən sonra da saat kimi işləyirdi. Ayaqqabılarımıza ay tozu yapışdı”.
         Blue Ghost aparatının 4 dayağının hər biri, səthə toxunduqda dərhal işləməli olan sensorlarla təchiz edilib. Eniş prosesinin yayımı zamanı yalnız 3 dayağın Ay səthinə toxunduğu təsdiqləndi. Şirkət bunun proqram təminatında baş verən nasazlıqdan qaynaqlana biləcəyini bildirir, lakin aparatın planlaşdırıldığı kimi şaquli eniş etdiyini vurğulayır. Modul, 550 km enində nəhəng ay krateri olan "Böhranlar Dənizində" (Mare Crisium), Latrey dağı yaxınlığında eniş edib. Firefly, bu ərazinin modulun işinə təsir göstərə biləcək maqnit anomaliyalarından uzaq olduğu üçün seçildiyini qeyd edib. Enişdən cəmi 40 dəqiqə sonra Blue Ghost Ay səthinin ilk görüntüsünü Yerə göndərib.
         Aparat enişi bu bölgədə yeni başlayan ay günü dövründə həyata keçirdi. Bu dövr təxminən 14 Yer sutkası davam edəcək. Blue Ghost bu müddət ərzində tədqiqat fəaliyyəti aparmalıdır, çünki o, daxili sistemlərini enerji ilə təmin etmək üçün kifayət qədər günəş işığı toplaya biləcək. Aparat özündə 10 elmi cihazı birləşdirir və onların bəziləri Ay istiqamətində uçuş zamanı belə məlumat toplamağa başlamışdı. Bu cihazlardan biri, Yer ətrafı orbitdə və Ay səthində GPS peyk rabitəsinin işlək olub-olmadığını yoxlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, Blue Ghost Ay səthindən maraqlı görüntülər təqdim edəcək. 14 martda Firefly Aerospace, Yer kürəsinin Günəş işığını bloklayacağı tam tutulma hadisəsini qeydə almağı planlaşdırır. 16 martda, yəni missiyanın son günündə isə şirkət Ay gün batımını çəkmək istəyir.
    Mənbə: CNN
    Paylaş
    Bənzər xəbərlər