main-post-cover

    Təqdimata az müddət qalmış Google Pixel 4a barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    10.04.2020
    Farid Pardashunas
        Google Pixel 4a smartfonu barəsində məlumat sızıntıları hələ keçən il ortaya çıxmağa başlamışdı. Keçən ay isə internetdə sözügedən smartfonun fotosu və hətta videoicmalı da ortaya çıxmışdı. Yeni sızdırılmış məlumatda Pixel 4a-nın yaxın zamanda təqdim edilməsi və onun texniki özəllikləri əks olunub. Bu barədə 9to5google saytı xəbər verib. Ortaya çıxmış yeni məlumat sızıntısında əks olunmuş fotodan da görmək olar ki, Pixel 4a modelləri qutulara yerləşdirilib. Bu isə o deməkdir ki, Google şirkəti smartfonun yaxın zamanda olacaq satışlarına hazırlaşır.
        Qutunun üzərində olan foto isə Pixel 4a-nın dizaynı barəsində əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Belə ki, Pixel 4a-nın arxa panelindəki kamera adi Pixel 4-də olduğu kimi xüsusi kvadrat sahənin daxilində yerləşdiriləcək. Bundan əlavə olaraq Pixel 4a-nın arxa panelində həmçinin barmaq izi skanı texnologiyası da yerləşdiriləcək. Jurnalistlər təsdiqləyiblər ki, Pixel 4a modeli tamamilə plastik materialdan hazırlanmış gövdəyə və 2340x1080 piksel keyfiyyətli 5.81 düym OLED ekrana sahib olacaq.
        Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Digər texniki özəlliklərə gəldikdə isə jurnalistlər qeyd ediblər ki, Pixel 4a, 8 nüvəli Snapdragon 730 prosessoru, Google Titan M təhlükəsizlik çipi, 6 GB RAM, 64 GB daxili yaddaş həcmi və 18 vatt gücündə 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 12.2 P-lik bir ədəd arxa kameraya sahib olacaq və özündə optik / elektron stabilizasiyanı birləşdirəcək. Ön kamera isə 8 MP-lik olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər