
Təqdimata az müddət qalmış Samsung Galaxy Watch 6-nın texniki göstəriciləri ortaya çıxıb
Elm & Texnologiya
20.07.2023
Emil
Samsung Watch 6 smart saat seriyasının təqdimatına az müddət qalmış insayderlər bu seriyaya daxil olacaq smart saat modellərinin texniki göstəricilərini təqdim ediblər. Qeyd etmək lazımdır ki, sözügedən smart saat seriyasına adi Galaxy Watch 6 və Watch 6 Classic modelləri daxil olacaqlar. İlk öncə adi Galaxy Watch 6-dan başlayaq. İnsayderlərin sözlərinə əsasən Galaxy Watch 6 modeli iki versiyada təqdim olunacaq. Onlardan biri 40 mm, digəri isə 44 mm gövdə ölçüsünə sahib olacaq.
40 mm gövdə ölçüsünə sahib model 432x432 piksel keyfiyyətli 1.31 düym AMOLED ekran, 44 mm gövdə ölçüsünə sahib model isə 480x480 piksel keyfiyyətli 1.47 düym AMOLED ekran ilə təchiz olunacaq. Hər iki model Exynos W930 prosessoru vasitəsilə çalışacaq və WearOS əməliyyat sisteminə sahib olacaq. Batareya həcmlərinə gəldikdə isə 40 mm-lik gövdəyə sahib model 300 mAh, 44 mm-lik gövdəyə sahib model isə 425 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Smart saatların gövdələri alüminum materialdan hazırlanacaq və IP68 ilə 5ATM standartları üzrə sudan qorunacaqlar. Galaxy Watch 6 Classic-ə gəldikdə isə o da iki gövdə ölçüsündə təqdim olunacaq. Onlardan biri 43 mm gövdə ölçüsünə, digəri isə 47 mm gövdə ölçüsünə sahib olacaq. Galaxy Watch 6 Classic modellərinin ekran ölçüləri adi Galaxy Watch 6-nın ekran ölçüləri ilə eyni olacaq. Bununla yanaşı Galaxy Watch 6 Classic modelləri eyni prosessoru, batareya həcmlərini və gövdə materialını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy Watch 6 smart saat seriyası 26 iyul tarixində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər