main-post-cover

    'Uber' 50 milyon müştəri və 7 milyon sürücünün məlumatlarının oğurlanmasını gizlədib

    Elm & Texnologiya
    22.11.2017
    Emil Nəcəfov
    “Uber” dünən etiraf edib ki, 2016-cı ilin Oktyabr ayında bütün dünya üzrə 50 milyon müştəri və 7 milyon sürücünün adlarının, ünvanlarının və telefon nömrələrinin oğurlandığını gizlədib.
    Şirkət bu hadisəni nizamlayıcı orqanlardan, istehlakçılardan gizlədib və həmin məlumatların silinməsi üçün hackerlərə 100.000$ vəsait ödəyib. Bu barədə Bloomberg saytı xəbər verib. Yaşayış ünvanları və telefon nömrələrindən başqa hackerlər həmçinin 600.000 sürücü vəsiqəsi məlumatlarını da oğurlamışdılar. Nyu York ştatının prokuraturası bu hadisə üzrə istintaqa start verib. Bu isə öz növbəsində son zamanlar bir çox problemlərlə qarşılaşan “Uber”in vəziyyətini daha da qəlizləşdirə bilər.
    3 ay bundan öncə şirkətin yeni CEO-su kimi Dara Khosrowshahi seçilmişdi. O hal hazırda böyük investisiyalar barəsində danışıqlar aparır və şirkətin bir sıra problemlərini həll etməyə çalışır. “Uber” bildirib ki, bu hadisə səbəbilə o, təhlükəsizlik xidmətinin rəhbərini və onun müavinini işdən azad edib.
    Dara Khosrowshahi bu hadisə ilə bağlı müştərilərdən üzr istəyib. Şirkətin keçmiş CEO-su Travis Kalanick sözügedən hadisə barəsində 1 il bundan öncə məlumatlı idi. Öz müştərilərinin məlumatlarının oğurlanması barədə onlara vaxtında xəbərdarlıq verməyən “Uber” beləliklə ayrı-ayrı ştatların qanunvericiliyini və istehlakçıların təhlükəsizlik hüquqlarını pozmuş ola bilər.
    Linki kopyala