
Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur
Elm & Texnologiya
27.05.2025
Emil
Alimlər müəyyən ediblər ki, Günəş ətrafında Venera ilə eyni orbitdə fırlanan və Yer üçün potensial təhlükə yaradan asteroidlər mövcuddur. Onların bir çoxu hələ də aşkarlanmayıb, lakin tapılmaları vacibdir, çünki bu cisimlər planetimiz üçün ciddi təhlükə yaradır. Günəş sistemindəki asteroidlərin əsas hissəsi Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağında yerləşir. Lakin Yerə yaxın hesab olunan bir çox asteroidlər planetimizə daha yaxın məsafədə yerləşirlər. Potensial təhlükəli asteroidlər, ölçüsü 140 metrdən böyük olan və Yerə 7.5 milyon kilometr və ya daha az məsafəyə qədər yaxınlaşan asteroidlər hesab olunur. Belə asteroidlərin hər biri potensial təhlükə daşıyır.

Astronomlar müəyyən ediblər ki, Yer üçün eyni dərəcədə təhlükəli olan asteroidlər Günəş ətrafında Venera ilə eyni orbitdə dövrə vurur. Artıq 20 belə kosmik daş aşkar edilib, lakin alimlər onların sayının əslində daha çox olduğunu düşünürlər. Bu asteroidlər çox güman ki, Veneraya çırpıla bilməzlər, lakin Yerə düşə bilərlər. Məsələ ondadır ki, bu asteroidlərin orbitləri proqnozlaşdırıla bilməz. Modelləşdirmə göstərib ki, bu cür asteroidlərin hərəkət trayektoriyası qarşıdakı 100 il ərzində ciddi şəkildə dəyişə bilər. Bundan əlavə, məlum olub ki, bu orbital dəyişikliklər Venera asteroidlərinin Yerə potensial toqquşmasına səbəb ola bilər. Venera ilə eyni orbitdə hərəkət edən bir çox asteroidlər hələ də gizli qalır, çünki onları Günəşin parlaq işığı kölgədə qoyur.

Lakin alimlər hesab edirlər ki, bu asteroidləri Vera Rubin adına rəsədxana aşkar edə biləcək. Bu rəsədxana bu ilin sonunda və ya gələn ilin əvvəlində fəaliyyətə başlayacaq. Lakin Yer üçün təhlükəli olan bu asteroidləri aşkar etməyin və öyrənməyin ən yaxşı yolu, Veneraya xüsusi bir zond göndərməkdir. Alimlər bildirirlər ki, orada diametri 150 metrdən böyük asteroidlər gizlənə bilər. Lakin hətta eni 150 metr olan bir daşın Yerlə toqquşması belə bütöv şəhərləri məhv edə bilər, çünki belə bir toqquşma zamanı yüzlərlə meqaton trotil ekvivalentində enerji ayrılır. Bu isə İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya atılmış atom bombalarının partlayış gücündən minlərlə dəfə artıqdır.
Mənbə: Science Alert
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
