main-post-cover

    Vivo şirkəti iki ekrana və 3D kameraya sahib flaqman smartfonu təqdim edib

    Elm & Texnologiya
    11.12.2018
    Orxan Jafarli
        Vivo şirkəti Nex Dual Display Edition adlı yeni flaqman smartfonunu təqdim edib. Əgər yayda təqdim edilmiş Nex S smartfonu ön kameraya sahib idisə, yeni flaqman modeldə şirkət ümumiyyətlə ön kameradan imtina edib. Beləliklə şirkət Nex Dual Display Edition modelində əsas üstünlüyü ekranın maksimal çərçivəsiz olmasına ayırıb. Yeni flaqman smartfon ön panelin 91.6%-ni əhatə edən 2340x1080 piksel keyfiyyətli 6.39 düym Super AMOLED ekranla təchiz olunub. Şirkət həmçinin ekran üzərində çıxıntı hissədən də imtina edib. Buna görə də smartfon hər tərəfdən olan maksimal dərəcədə nazik çərçivələr ilə fərqlənir.

        Şirkət ön kameradan imtina edərək yalnız arxa kameradan istifadə etməyi istifadəçilərə məsləhət görür. Lakin bu halda belə bir sual yaranır ki, istifadəçi selfi foto çəkmək istəyəndə özünü necə görəcək? Bunun üçün də əla həll üsulu var. Belə ki, Nex Dual Display Edition modelinin arxa panelində əlavə olaraq Full HD keyfiyyətli 5.49 düym Super AMOLED ekran var. Bununla yanaşı şirkət smartfonun təqdimatı zamanı arxa paneldə olan ikinci ekrandan müxtəlif istifadə halları barəsində də məlumat verib. İlk növbədə əsas üstünlük selfi fotoların çəkilməsinə verilir. Əlavə ekrandan həmçinin müxtəlif mobil oyunlarda da istifadə etmək olar. Belə ki, arxa paneldəki ekran çoxlu sayda sensorlardan ibarətdir.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 10 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəyi yoxdur) və sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun əsas özəllikləridənn biri də onun kameralarıdır. Belə ki, smartfon 12 MP (f/1.79 diafraqmalı Sony IMX363) + 2 MP (f/1.8 diafraqmalı) + 3D TOF (f/1.3 diafraqmalı) üçlü arxa kamera ilə təchiz olunub.

        Əsas 12 MP-lik kamera modulu optik stabilizasiya özəlliyinə sahibdir. 3D TOF kamerası isə əsasən istifadəçi üzünün skanı üçün istifadə olunur. Bundan əlavə olaraq həmin kamera 3D modelləri yarada, AR texnologiya ilə çalışa və çəkiliş zamanı insan üzünün təsvirdəki emalı prosesində iştirak edə bilər. Bütün bunlardan əlavə olaraq smartfon ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına da sahibdir. Nex Dual Display Edition modeli Funtoch OS 4.5 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 23 dekabr tarixində satşa çıxacaq və digər regionlarda da satılacaq. Onun təqribi qiyməti isə 725$ təşkil edir.
    Linki kopyala