main-post-cover

    Windows 7 ilə çalışan kompüterlərə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlar edilir

    Elm & Texnologiya
    19.02.2020
    Emil Nəcəfov
        Keçən ayın ortasında Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandırmışdı. Bir neçə həftədən sonra isə istifadəçilər texniki problemlər və şirkətin Windows 10-a kimi yenilənmə təklifini əks etdirən bildirişlər ilə qarşılaşdılar. İndi isə hackerlər Windows 7 əməliyyat sistemi ilə çalışan kompüterlərə kiberhücumlar reallaşdırmağa başlayıblar. Belə ki, Webroot şirkəti sözügedən əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərə edilən kiberhücumların rekord sayını müşahidə edib.
        Bu barədə Helpnetsecurity saytı xəbər verib. Tədqiqat zamanı şirkətin analitikləri 37 milyard linki, 842 milyon domeni, 4 milyard IP ünvanı və 31 milyon mobil tətbiqi analiz ediblər. Təqdim edilmiş hesabata əsasən analiz edilmiş zərərli proqram təminatlarının 93.6%-i məhz Windows 7 əməliyyat sisteminə yönləndirilib. Bu isə bütün tədqiqat tarixi ərzində rekord göstərici olub. Köhnəlmiş Windows versiyaları üçün olan exploitlərin say artımı göstəricisi 360% təşkil edib. Onlardan çoxu isə Windows 7-nin üzərinə düşür.
        Bundan əlavə olaraq qeyd edilib ki, zərərli proqram təminatı ilə yoluxmuş cihazlara sahib sıravi istifadəçilərin sayı 2 dəfə artıb. Zərər çəkmiş kompütelərin 35%-i 2 və ya daha artıq halda virusa yoluxub. 10%-i isə 6 dəfədən daha çox halda virusla qarşılaşıb. Mütəxəssislərin sözlərinə əsasən Microsoft şirkətinin rəsmi şəkildə Windows 7-nin dəstəyini dayandırmasını və bu əməliyyat sistemi üçün bundan sonra təhlükəsizlik yenilənmələrinin təqdim edilməyəcəyini nəzərə alaraq gələcəkdə vəziyyət daha da pis ola bilər.
    Linki kopyala