main-post-cover

    Xiaomi Mi Mix 3'ün ilk real fotosu sızdırıldı

    Elm & Texnologiya
    29.06.2018
    Emil Nəcəfov
        Hələ keçən ilin Sentyabr ayında Xiaomi şirkəti öz çərçivəsiz Mi Mix modelinin ikinci nəslini satışa çıxartmışdı. Bu ilin Mart ayında isə həmin modelin daha təkmilləşdirilmiş versiyası olan Mi Mix 2s modeli satışa çıxdı. İndi isə internetdə Mi Mix 3 smartfonunun real fotosu yayılıb. Yayılmış fotodan da görmək olar ki, Mi Mix 3 hər tərəfdən çərçivəsiz olacaq və ekran üzərində çıxıntı hissəyə sahib olmayacaq. Lakin burdan belə bir sual yaranır ki, əgər yeni modelin ekranının üzərində çıxıntı hissəsi olmasa, onda ön kamera harda yerləşəcək?

        Çox güman ki, Xiaomi şirkəti Vivo Oppo şirkətlərinin yolu ilə gedə bilər. Yəni ön kamera smartfonun yuxarı hissəsindəki xüsusi paneldə yerləşə bilər. Ön kamera vasitəsilə şəkil çəkmək istəyən zaman həmin panel ortaya çıxacaq. Güman olunur ki, arxa paneldən yeni model Mi Mix 2s-i xatırladacaq: Keramik korpus, şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və işıqlandırma sistemi.
        Bununla yanaşı çox güman ki, barmaq izi skanı texnologiyası ekrana inteqrasiya olunmayacaq. O, standart şəkildə smartfonun arxa panelində yerləşəcək. Bu ilki bir çox flaqman modelləri kimi Mi Mix 3-ün də Snapdragon 845 prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacağı gözlənilir. Xiaomi şirkəti hələki yeni model Mi Mix barəsində heç bir rəsmi məlumat verməyib. Lakin nəzərə alsaq ki, əvvəlki model Sentyabr ayında təqdim olunmuşdu, Mi Mix 3-ün də bu ilin Sentyabr ayında təqdim olunması halı heç də təəccüblü olmayacaq.
    Linki kopyala