Logo
    main-post-cover

    Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb

    Elm & Texnologiya
    16.05.2025
    Emil
         Keçən ildən bəri Xiaomi-nin smartfonlar üçün öz prosessorunu hazırladığına dair şayiələr dolaşırdı. İndi bu məlumat rəsmi şəkildə təsdiqlənib. Şirkət bildirib ki, çip bu ayın sonunda təqdim olunacaq. Yeni məhsul haqqında məlumatı Çin sosial şəbəkəsi Weibo-da Xiaomi-nin rəhbəri Lei Jun paylaşıb. “Bir xəbəri sizinlə bölüşmək istəyirəm. Xiaomi tərəfindən müstəqil şəkildə layihələndirilən və hazırlanan mobil sistem çipi Xuanjie O1 adını alıb. Onun rəsmi təqdimatı mayın sonunda baş tutacaq. Dəstəyinizə görə təşəkkür edirəm!” - deyə o yazıb. Lei Jun paylaşımına üzərində XRING O1 yazılmış prosessorun fotosunu də əlavə edib.
         Ehtimal ki, prosessor beynəlxalq bazarda bu adla tanıdılacaq. Bu ad prosessorun orijinal Çin dilindəki adıyla səsləşir və “gizli üzük” və ya “mistik üzük” kimi tərcümə edilə bilər. Prosessorun texniki xüsusiyyətləri barədə hələlik rəsmi məlumat yoxdur. Lakin qeyri-rəsmi məlumata əsasən, XRING O1-in performansı 2022-ci il model Qualcomm Snapdragon 8 Gen 1 prosessoru ilə müqayisə oluna biləcək səviyyədə olacaq. Bildirilir ki, prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək və Unisoc 5G modemi ilə təchiz olunacaq.
         Həmçinin qeyd olunur ki, bu mobil prosessor ilk dəfə Xiaomi 15s Pro smartfonunda təqdim ediləcək. Çinli elektronika nəhəngi smartfonlar üçün öz prosessorunu yaratmağa ilk dəfə cəhd etmir: 2017-ci ildə şirkət Xiaomi Mi 5C modeli ilə birlikdə Surge S1 prosessorunu təqdim etmişdi. Surge S2 üzərində də işlər aparılmışdı, lakin sonradan layihə dayandırıldı və şirkət diqqətini enerji idarəetməsi, görüntü emalı və digər sahələr üçün çiplərin hazırlanmasına yönəltdi. Böyük ehtimalla, bu dəfə Xiaomi əvvəlki təcrübələrini nəzərə alıb və XRING O1 uğurlu bir layihəyə çevrilə bilər.
    Paylaş