main-post-cover

    Xiaomi Redmi Note 6 Pro rəsmi şəkildə təqdim olundu

    Elm & Texnologiya
    27.09.2018
    Emil Nəcəfov
        Xiaomi şirkəti sonunda Redmi Note 6 Pro smartfon modelini Taylandda təqdim etdi. Yeni model əvvəlkindən o qədər də fərqlənmir. Əsas fərqləndirici özəllik ondan ibarətdir ki, Redmi Note 6 Pro modelinin ekranında çıxıntı hissə yerləşir. Beləliklə Redmi Note 6 Pro modeli 19:9 nisbətli 6.26 inç Full HD+ keyfiyyətli IPS ekranla təchiz olunub. Nazik çərçivələrin hesabına ekran smartfonun ön panelinin 86%-ni əhatə edir. Üstəlik ekran Cornng Gorilla 2.5D qoruyucu şüşəsi ilə örtülüb.

        Əsas texniki göstəricilərə gəldikdə isə yeni smartfon 8 nüvəli Snapdragon 636 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən yeni smartfon bir dəfə şarj olunandan sonra ondan 19 saat danışıq rejimində, 8.5 saat Full HD keyfiyyətdə video izləmə rejimində, 6 saat oyun oynama rejimində və 34 saat musiqi dinləmə rejimində istifadə etmək olar. Smartfon həmçinin f/1.9 diafraqmalı 12 MP + 5 MP ikili arxa kamera ilə 20 MP + 2 MP ikili ön kameraya da sahibdir. Xiaomi Redmi Note 6 Pro 215$ qiymətində Taylandda satışa çıxacaq. Smartfonun Taylanddan başqa ölkələrdə satılıb-satılmayacağı barəsində heç bir məlumat verilməyib.

    Linki kopyala