main-post-cover

    Xiaomi şirkəti Mi9 flaqman seriyasını təqdim etdi

    Elm & Texnologiya
    20.02.2019
    Emil Nəcəfov
        Bir çox məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda özünün yeni Mi9 adlı flaqman smartfon modelini təqdim etdi. Yeni smartfon Snapdragon 855 prosessoru əsasında flaqman texniki göstəricilər, yenilənmiş dizayn, təkmilləşdirilmiş üçlü arxa kamera, naqilsiz şarj texnologiyası və s. özəlliklər əldə edib. Beləliklə Xiaomi Mi9 smartfonu Samsung istehsalı olan Full HD+ keyfiyyətli 6.39 düym Super AMOLED (19:9 nisbətli) ekranla təchiz olunub. Bu isə əvvəlki modelin ekran ölçüsündən bir qədər çoxdur. Mi9-un ekranı geniş çıxıntı hissədən məhrum olub. Onun yerinə ekran kiçik V şəkilli çıxıntı hissə ilə təchiz olunub.

        Smartfon həmçinin Snapdragon 855 prosessoru və Adreno 640 qrafik sürətləndiriciyə sahibdir. Bu səbəblə məşhur AnTuTu bençmark saytında smartfon 387.851 xal toplayıb. Smartfonda Game Turbo texnologiyasının da dəstəyi var. Bu texnologiyanın dəstəyi sayəsində smartfon qəliz oyunlar zamanı öz resurslarını düzgün şəkildə bölüşdürə bilir. Xiaomi Mi9 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi və sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon enerjisinin əlavə qənaətini həmçinin smartfon interfeysinin sahib olduğu Dark Mode rejimi təmin edir. Şirkətin məlumatına əsasən bu rejim sayəsində smartfon ekranının enerji sərfiyyatı 83% aşağı endirilir. Smartfon həmçinin Google Pay kimi ödəniş servisləri üçün nəzərdə tutulmuş NFC moduluna və naqilsiz sürətli şarj texnologiyasına sahibdir.

        Kameralara gəldikdə isə smartfon HDR AI texnologiyası dəstəkli 48 MP (f/1.75 diafraqmalı Sony IMX586 kamera modulu) + 12 MP (f/2.2 diafraqmalı) + 16 MP (f/2.2 diafraqmalı Sony IMX481 kamera modulu) üçlü arxa kamera və 20 MP-lik (f/1.8 diafraqmalı) ön kamera ilə təchiz olunub. Həm arxa kameralar həm də ön kamera süni zəka texnologiyası dəstəyi vasitəsilə fotolarda arxa fonların bulanıq düşməsini və alqoritmlər vasitəsilə fotoların keyfiyyətlərin artırılmasını dəstəkləyir. Smartfon kameralarının reytinqlərini tərtib edən məşhur DxOMark saytı Xiaomi Mi9-un kameralarını yüksək qiymətləndirərək ona 107 xal verib. Kameraların foto çəkmə özəllikləri 112 xal, video çəkmə özəllikləri isə 99 xal ilə qiymətləndiriliblər.

        Onu da qeyd etmək lazımdır ki, smartfonun gövdəsi şüşə materialdan hazırlanıb və arxa qapaq qradient rəngə sahibdir. Müəyyən bucaq altında əyilmədən asılı olaraq arxa qapağın rəngi dəyişir. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya edilib. Xiaomi Mi9 MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 446$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 490$-a satılacaq.

        Şirkət adi Mi9 modelindən başqa həmçinin Transparent Edition adlı xüsusi versiyasını da təqdim edib. Bu versiyanın arxa paneli şəffafdır və beləliklə onun daxili komponentlərini görmək olar. Bununla yanaşı Transparent Edition modeli 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 48 MP-lik (f/1.47 diafraqmalı) üçlü arxa kamera və 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Mi9 Transparent Edition modeli 595$ qiymətində satılacaq.

        Mi9 və Mi9 Transparent Edition modellərindən başqa Xiaomi şirkəti həmçinin Mi9-un sadələşdirilmiş versiyası olan Mi9 SE-ni də təqdim edib. Beləliklə Xiaomi Mi9 SE modeli 5.97 düym Full HD+ keyfiyyətli Super AMOLED ekranla təchiz olunub (ekran Always on Display özəlliyini dəstəkləyir) və ekran üzərində V şəkilli çıxıntı hissə yerləşir. Ekran ətrafındakı nazik çərçivələr hesabına ekran ön panelin 90.74%-ni əhatə edir. Adi Mi9 modelində olduğu kimi Mi9 SE-də də barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya edilib.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 712 prosessoru, Adreno 616 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586 kamera modulu) + 8 MP + 13 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 20 MP-lik ön kamera (süni zəka dəstəkli) və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 3070 mAh enerji tutumlu batareya (15 dəqiqəyə 50% enerji yığma qabiliyyəti) ilə təchiz olunub. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 64 GB daxili yaddaş sahib versiya 297$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 342$-a satılacaq. Sözügedən smartfon modelləri artıq 26 fevral tarixindən Çində satışa çıxacaqlar.
    Linki kopyala