
Yaponlar, Rubik kubunu 0.3 saniyəyə həll etməklə dünya rekordu qırıblar! (VİDEO)
Elm & Texnologiya
27.05.2024
Aslan
Mitsubishi Electric tərəfindən hazırlanmış robot, Rubik kubunu cəmi 0.305 saniyəyə həll edərək Ginnesin Rekordlar kitabına düşüb. Bu inanılmaz vaxt demək olar ki, bir insanın gözünü qırpıb-açdığı vaxta (0.1-0.3 saniyə) bərabərdir.
1970-ci illərdə macar heykəltəraş Ernö Rubik tərəfindən icad edilən Rubik kubu, ən məşhur üçölçülü tapmaca kimi hesab olunur. Tapmacanı ən sürətli həll edən şəxs, bu kubu 3 saniyədən bir qədər çox vaxtda həll edə bilmişdir. 2009-cu ildə tapmacanı 1 dəqiqə 4 saniyəyə həll edə bilən robotlar zamanla təkmilləşərək 2016-cı ildə 1 saniyənin altına düşə biliblər. Son rekord 2018-ci ildə MIT-dən iki tədqiqatçının hazırladığı robot tərəfindən 0.38 saniyəyə həll edilərək qeydə alınıb. Yaponiya komandası isə bu rekordu bir pillə daha irəliyə daşıyaraq kubu 0.305 saniyəyə həll etməyi bacarıb.
2022-ci ilin sentyabrında prototip üzərində işləməyə başlayan 5 mühəndisdən ibarət komanda, kondisionerlər və havalandırma pərləri kimi elektrik cihazlarının mühərriklərində kabelləri tez və dəqiq şəkildə yerləşdirmək üçün nəzərdə tutulmuş texnologiyalardan istifadə edib. Bu texnologiya, kubun altı üzündən birini cəmi 0.009 saniyəyə 90 dərəcə fırlamağa imkan verib. Bu təşəbbüsə, Mitsubishi Electric-in Komponent İstehsalı Mühəndisliyi Mərkəzindəki Mühərrik və Generator İstehsalı Mühəndisliyi Departamentindən mühəndis Tokui rəhbərlik edib. Tokui-nin sözlərinə görə, rekordu qırmaq üçün təkcə sürətli mühərriklər deyil, həm də sinxronlaşdırılmış komponentlər dəsti tələb olunur.
Komandanın yeni dünya rekordunu qırmaqları üçün cəmi bir saat vaxtları olduğu üçün bəzi çətinliklərlə üzləşiblər. Rubik kubu robotun sürətinə çata bilməyib və komanda kubun ilişib qalmaması üçün maşını dəqiq tənzimləməli olub. Robot, ilk cəhdində kubu həll edə bilməyib, bu da komandanın maşını tənzimləməyə təxminən 20 dəqiqə sərf etməsinə səbəb olub. Lakin ikinci cəhdində robot uğur qazanaraq dünya rekordunu qıra bilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Elon Musk, OpenAI qarşısına şərt qoyub
