Logo
    main-post-cover

    Yeni CEO John Ternus Apple-ın dizayn komandasını yenidən qurmağa hazırlaşır

        Apple-ın vaxtilə texnologiya dünyasında ən nüfuzlu dizayn mərkəzlərindən biri hesab olunan sənaye dizayn komandası son illərdə ciddi zəifləyib. Bloomberg-in məlumatına görə, şirkətin əfsanəvi dizayneri Jony Ive-in ayrılmasından sonra dizayn şöbəsinin şirkət daxilindəki təsiri və nüfuzu əhəmiyyətli dərəcədə azalıb. Bildirilir ki, sentyabrın 1-dən Apple-ın yeni baş direktoru olacaq John Ternus vəziyyətin fərqindədir və vəzifəyə başlamazdan əvvəl dizayn strukturunda genişmiqyaslı dəyişikliklər həyata keçirməyə hazırlaşır.
    Inside Apple Park: the design team shaping future tech | Wallpaper*
        Mütəxəssislərin fikrincə, problemlərin əsası 2015-ci ildə Jony Ive-in gündəlik idarəetmədən uzaqlaşması ilə qoyulub. O, 2019-cu ildə Apple-dan tamamilə ayrılaraq hazırda OpenAI ilə əməkdaşlıq edən LoveFrom dizayn şirkətini yaradıb. Sonrakı illərdə isə Jony Ive dövründə çalışan bir çox tanınmış dizayner şirkəti tərk edib. Apple-ın ən uzunmüddətli dizaynerlərindən biri olan Bart Andre 2024-cü ildə təqaüdə çıxıb, Colin Burns, Peter Russell-Clarke və Shota Aoyagi kimi mühüm simalar da şirkətdən ayrılıb. Daha sonra keçmiş dizayn rəhbəri Evans Hankey OpenAI tərəfindən 2025-ci ildə 6,5 milyard dollara alınan io adlı süni intellekt cihazları startapını təsis edib.
        Bu gün Apple-ın dizayn komandasında əvvəlki illərlə müqayisədə daha çox gənc və az təcrübəli əməkdaşlar çalışır. Komanda artıq qlobal səviyyədə tanınan dizayn liderləri ilə deyil, əsasən yeni kadrlarla formalaşır. Şirkət üçün daha bir ciddi itki isə istifadəçi interfeysi dizaynına rəhbərlik edən Alan Dye-in 2025-ci ilin sonunda Meta-ya keçməsi olub. Onun ardınca bir sıra proqram təminatı dizaynerləri də Apple-dan ayrılıb. Müşahidəçilər hesab edir ki, bu dəyişikliklərin təsiri Apple məhsullarında da hiss olunur. Son illərdə iPhone, Apple Watch, AirPods və Mac seriyalarında böyük dizayn dəyişikliklərinin sayı azalıb, cihazlar daha çox kiçik yeniləmələrlə təqdim olunub.
        John Ternus isə yaxın zamanda əməkdaşlarla keçirdiyi daxili görüşdə dizaynın Apple üçün əsas dəyər olaraq qalacağını vurğulayıb. O bildirib ki, şirkət gələcəkdə də dizayna xüsusi diqqət ayıracaq və bu istiqamətdə yenidən güclü komanda formalaşdırmağa çalışacaq. Ekspertlərin fikrincə, Apple-ın qarşısında duran əsas vəzifələrdən biri dizayn komandasına əvvəlki nüfuzunu qaytarmaq, güclü lider tapmaq və şirkətdə innovativ dizayn mədəniyyətini yenidən formalaşdırmaqdır.
    Paylaş