main-post-cover

    Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    16.09.2021
    Emil Nəcəfov
        GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib. Təqdim edilmiş bu yeni action kamera 5.3K keyfiyyətində videolar çəkə bilir. Bundan əlavə olaraq GoPro Hero 10 Black özündə GP2 adlı güclü prosessoru və HyperSmooth 4.0 adlı təkmilləşdirilmiş stabilizasiya sistemini birləşdirir. Keçmiş modellər ilə müqayisədə yeni action kameranın digər özəllikləri də yenilənib. GP2 prosessoru 23.6 MP-lik kamera ilə birlikdə saniyədə 60 kadr sürətlə 5.3K, saniyədə 120 kadr sürətlə 4K və saniyədə 240 kadr sürətlə 2.7K videolar çəkə bilir. Bununla yanaşı kamera 23 MP-lik fotolar, 5K videolardan 19.6 MP-lik stop kadrlar və 5.3K videolardan 15.8 MP-lik stop kadrlar çəkə bilir.
        GoPro Hero 10 Black küyün boğulması üzrə təkmilləşdirilmiş alqoritmləri və tonun lokal əks olunmasını dəstəkləyir. Buna görə də yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə olunması imkanı yaranır. İstifadəçi çəkilmiş foto və videoları Hero 10 Black-dən 2 üsul ilə yükləyə bilər. İlk növbədə istifadəçi Quick adlı tətbiqdən istifadə edə bilər. Bu üsulda faylların ötürülmə sürəti Hero 9 Black modelindən fərqli olaraq 30% yüksəlib. Digər üsul olaraq istifadəçi action kameranı USB naqil vasitəsilə smartfona qoşa bilər. Bu üsulda isə faylların ötürülmə sürəti 50% daha yüksək olacaq. Onu da qeyd etmək lazımdır ki, action kamera 1720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. GoPro Hero 10 Black kamerasının digər özəllikləri aşağıdakı kimidir.
    - Zəif işıq mühitində çəkiliş üçün təkmilləşdirilmiş Low Light funksiyası
    - Daha yüksək təsvir yenilənməsinə sahib rəngli ön ekran
    - Sensorlu zoom özəlliyinə sahib daha sürətli sensorlu arxa ekran
    - Su buraxmayan səthə sahib obyektiv qapağı
    - Yüksək səviyyəli stabilizasiyaya sahib timelapse videoların çəkilməsi üçün TimeWarp 3.0 funksiyası
    - HyperSmooth 4.0 video stabilizasiyası ilə 1080p keyfiyyətində canlı yayım
    - 1080p keyfiyyətində veb kamera rejimi
    - Gecələr timelapse videoların çəkilməsi imkanı
    - RAW formatında fotoların çəkilməsi
    - Utrageniş, geniş, xətti və dar bucaq təsvirinə sahib rəqəmsal obyektivlər
    - Səsli idarəetmə dəstəyi
    - Külək səsinin boğulması üzrə təkmilləşdirilmiş funksiyaya sahib 3 mikrofon
    - Stereo səs + RAW səs
    - Kameranın 10 metr su dərinliyinə endirilmə mümkünlüyü
    - Sürətli şarj texnologiyasının dəstəyi
    - Media Mod, Display Mod, Light Mod Max Lens Mod ilə uyğunlaşma.
    GoPro Hero 10 Black 16 oktyabr tarixində 550$ qiymətində satışa çıxacaq.
    Linki kopyala