main-post-cover

    Yeni qatlana bilən Motorola RAZR smartfonunun ekran dəyişilməsi hansı qiymətə başa gələcək?

    Elm & Texnologiya
    15.11.2019
    Emil Nəcəfov
        Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu qatlana bilən smartfonlar sırasına daxil oldu. Bir vaxtlar məşhur olmuş köhnə Motorola RAZR modeli kimi yeni smartfon da qapaqlı dizayn formatında reallaşdırılıb. Lakin yeni modelin fərqi ondan ibarətdir ki, onun daxilində qatlana bilən ekran mövcuddur. Bu cür smartfon konstruksiyası isə bir çoxlarında smartfonun təmir olunmasının baha başa gələcəyi qorxusunu yaradır.
        Lakin məlum olub ki, Motorola RAZR modelinin ekranının dəyişilməsi standart qiymətə başa gəlir. Bu barədə Phonearena saytı xəbər verib. Motorola brendi bildirib ki, yen Motorola RAZR modelinin ekranı zədələndiyi halda onun dəyişilmə qiyməti 299$ təşkil edəcək. Bu isə daha ənənəvi smartfonların ekranlarının dəyişdirilməsi qiymətləri ilə eynidir. Məsələn Galaxy Note 10+ modelinin ekran dəyişilməsi 279$-a, Galaxy S10+ modelinin ekran dəyişilməsi 269$-a, Galaxy S10e modelinin ekran dəyişilməsi 199$-a, OnePlus 7T-nin ekran dəyişilməsi isə 154$-a başa gəlir.
        Bundan əlavə olaraq yeni Motorola RAZR-ın ekranının dəyişilməsi yeni iPhone modellərinin təmir qiymətlərindən daha ucuz başa gələcək. Belə ki, iPhone 11 Pro Max modelinin ekran dəyişilməsi 329$-a, arxa panel dəyişdirilməsi isə 599$-a başa gəlir. Qatlana bilən Galaxy Fold-a gəldikdə isə onun ekran dəyişdirilməsi qiyməti 599$ təşkil edir. Yeni Motorola RAZR modeli gələn ilin yanvar ayında 1500$ qiymətində satışa çıxacaq. Smartfon hələki ABŞ bazarında satılacaq.
    Linki kopyala