main-post-cover

    Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

    Elm & Texnologiya
    01.12.2021
    Emil Nəcəfov
        Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman prosessorunun təqdimatını keçirdib. Söhbət, Snapdragon 8 Gen 1-dən gedir. Təqdim edilmiş yeni prosessor hal hazırda şirkətin mobil cihazlar üçün nəzərdə tutulmuş ən güclü prosessorudur. Yeni Snapdragon modeli yüksək performans göstəricisi, rekord bağlantı sürətinin dəstəyinə sahib 5G modem, mobil kameralar ilə çalışmaq üzrə genişləndirilmiş imkanlar və digər faydalı funskiyalar əldə edib. Beləliklə Snapdragon 8 Gen 1 prosessoru Arm v9 adlı mikroarxitektura əsasında 4 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Yeni prosessorun tərkibinə 3.0 GHz tezlikdə çalışan 1 ədəd yüksək performanslı Cortex-X2 nüvəsi, 2.5 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 enerji effektivliyi nüvəsi daxildir.
        Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon 888 ilə müqayisədə yeni prosessorun hesablama gücü 20%, enerji effektivliyi isə 30% yüksəlib. Bununla yanaşı prosessora inteqrasiya edilmiş Adreno qrafik çipinin performansı 30% yüksəlib, enerji sərfiyyatı isə 20% aşağı enib. Snapdragon 8 Gen 1-in daha bir əsas özəlliyi ondan ibarətir ki, o, Snapdragon X65 5G modemi ilə təchiz olunub. Sözügedən modemin maksimal sürəti isə saniyədə 10 Gbit təşkil edir. Bundan əlavə olaraq Snapdragon 8 Gen 1 prosessoru Wi-Fi 6, Wi-Fi 6E, Bluetooth 5.2, USB 3.1, NFC texnologiyalarının və GPS, GLONASS, Beidou, Galileo NavIC naviqasiya sistemlərinin dəstəklərinə sahibdir. Snapdragon 8 Gen 1-dəki təsvirlərin emalı prosessoru (ISP) sayəsində smartfonlar saniyədə 240 ədəd 12 MP-lik fotolar və eyni anda 8K keyfiyyətli HDR videolar ilə 64 MP-lik fotolar çəkə bilirlər. Prosessor 200 MP-lik kameraları və hərəsi 36 MP olmaqla üçlü kamera sistemlərini dəstəkləyir.
        Qualcomm bildirib ki, yeni prosessorda həmçinin kameralar ilə çalışmaq üçün nəzərdə tutulmuş süni zəka alqoritmlərinin təkmilləşdirilməsi də reallaşdırılıb. Qualcomm-un sözlərinə əsasən 7-ci nəsil Hexagon prosessoru əvvəlki modeldən 4 dəfə daha sürətlidir və enerji sərfiyyatı baxımından 1.7 dəfə daha effektivdir. Smartfon istehsalçıları Snapdragon 8 Gen 1 prosessorlu smartfonlarında 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K və ya 144 Hz-lik təsvir yenilənməsinə sahib QHD+ keyfiyyətli ekranlardan istifadə edə bilərlər.
        Bundan əlavə olaraq yeni prosessor LPDDR5-3200 standartlı RAM yaddaşlarını, ultrasəs əsaslı barmaq izi skanı texnologiyalarını və sürətli şarj texnologiyası olan Quick Charge 5-i dəstəkləyir. Motorola şirkəti artıq elan edib ki, onun Moto Edge X30 flaqman smartfonu Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunacaq ilk smartfon modeli olacaq. Onun təqdimatı 9 dekabr tarixində baş tutacaq. Bundan əlavə olaraq Xiaomi şirkəti də elan edib ki, onun Xiaomi 12 flaqman smartfonu da yeni Snapdragon prosessorunu əldə edəcək ilk smartfon modellərindən biri olacaq. Lakin Xiaomi 12-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala