Arc Raiders oyununun yaradıcısı fırıldaqçıları süni intellektlə tapacaq
“Arc Raiders”ın yaradıcısı “Embody” oyundakı fırıldaqçıları tapmaq üçün öz süni intellekt modellərini hazırlayır. Şirkətin sözlərinə görə, oyun populyarlaşdıqca qayda pozuntuları da artır. Buna görə qoruma sistemləri daim yenilənməlidir. Fırıldaq proqramı hazırlayanların sistemə uyğunlaşmaması üçün texniki detallar indiyədək qəsdən gizli saxlanılıb.
Hazırda oyunda “Denuvo”nun əməliyyat sisteminin əsas hissəsi olan nüvə səviyyəsində işləyən qoruma sistemi var. “Anybrain”in süni intellekt xidməti də şübhəli oyunçuları tapmağa kömək edir. Eyni zamanda, maşın öyrənməsi və oyundan toplanan məlumatlar əsasında şirkətin öz modelləri hazırlanır. Bu sistemlər şübhəli davranışları birlikdə təhlil edir və yeni fırıldaq üsulları ortaya çıxdıqca yenilənir.
“Embody” cəza qaydalarını da sərtləşdirib. Fırıldaq etdiyi təsdiqlənən oyunçu üçün daimi qadağa əsas cəza olacaq. Belə oyunçulara xəbərdarlıq edilməyəcək və 2-ci şans verilməyəcək. Oyun nüsxəsi qaydanı pozan hesabla əlaqələndiriləcək. Buna görə eyni lisenziya ilə yeni hesab açmaq problemi həll etməyəcək. Qadağan olunmuş nüsxəyə bağlı digər hesablar da bloklanacaq.
Şirkət qaydaları yenidən pozanların qarşısını almaq üçün cihazı tanıyıb bloklayan avadanlıq qadağası üzərində də işləyir. Sistemin ilin sonunadək işə salınması planlaşdırılır. Ancaq burada yanlış bloklama riski var. Əvvəllər işarələnmiş ikinci əl avadanlığı alan günahsız oyunçunun hesabı da bağlana bilər. Buna görə sistem qurularkən səhv qadağaların qarşısı alınmalıdır.
Sərt tədbirlərin əsas səbəblərindən biri oyun icmasından gələn şikayətlərdir. Xüsusilə bəzi yayımçıların fırıldaq üsullarını açıq göstərməsi oyunçuların narazılığını artırıb. “Embody” deyir ki, qanuni oyunçuların səhvən bloklanmaması üçün qərarlar yalnız kifayət qədər dəlil toplandıqdan sonra verilir. Şirkət problemin tam aradan qalxmayacağını qəbul edir, amma fırıldaq etməyi bacardıqca çətinləşdirməyə çalışacağını deyir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...