Logo
    MacPaw iPhone üçün dələduzluq cəhdlərini aşkarlayan tətbiq təqdim etdi

    MacPaw iPhone üçün dələduzluq cəhdlərini aşkarlayan tətbiq təqdim etdi

        “MacPaw” şirkəti dələduzluq cəhdlərini aşkarlayan “Moonlock” tətbiqini bu gün “iPhone” üçün çıxarıb. Tətbiq şübhəli mesajları yoxlayır, şəxsi məlumatların sızıb-sızmadığını araşdırır və telefonun təhlükəsizlik ayarlarını qiymətləndirir. Süni intellekt məzmunu təhlil edir və onun niyə riskli göründüyünü sadə dillə açıqlayır. Məqsəd istifadəçini keçidə toxunmazdan əvvəl təhlükə barədə xəbərdar etməkdir.
        “Moonlock”un “Mac” versiyası zərərli proqramlardan real vaxt rejimində qoruyur və faylları əl ilə yoxlamağı da bacarır. Tətbiq sistem qovluqlarında və elektron poçt əlavələrində gizlənən şübhəli faylları axtarır. VPN internet bağlantısını şifrələyir, şəbəkə nəzarəti də tətbiqlərin məlumatları hara göndərdiyini göstərir. “iPhone” versiyası zərərli proqramları yoxlamır. Çünki iOS başqa tətbiqlərə və onların fayllarına girişə icazə vermir.
        İstifadəçilər “iPhone”da şübhəli mətnləri, ekran görüntülərini və QR kodları “Moonlock”la yoxlaya bilərlər. Məzmunu tətbiqə köçürmək, skan etmək və ya birbaşa paylaşmaq olur. Sistem fişinq əlamətlərini, yəni saxta keçidlərlə məlumat toplamaq cəhdlərini axtarır. Elektron poçt ünvanının əvvəlki məlumat sızıntılarında olub-olmadığı da yoxlanılır.
        “Təhlükəsiz SMS” funksiyası aktiv olduqda ehtimal edilən dələduzluq mesajlarını avtomatik süzgəcdən keçirir. Həmçinin mesajın niyə şübhəli sayıldığını izah edir. “Təhlükəsizlik balı” telefonun qorunma səviyyəsini 0-dan 100-dək qiymətləndirir və hər dəfə 1 dəyişiklik məsləhət görür. “Elektron poçt sızıntısı tarixçəsi” hansı xidmətdən, nə vaxt və hansı məlumatların sızdığını göstərir. Tətbiq zərər görmüş hesabları qorumaq üçün atılacaq addımları da açıqlayır.
        “Cihaz və şəbəkə yoxlamaları” funksiyası Wi-Fi şəbəkəsinin təhlükəsizliyini, ekran kilidini və iOS yeniləmələrini nəzərdən keçirir. O, sistem məhdudiyyətlərinə müdaxilə əlamətlərini də yoxlayır. Birdəfəlik düzəlişlər üçün təlimat və hər dəyişikliyin təxminən nə qədər vaxt aparacağı göstərilir. “Moonlock”u pulsuz yükləmək olur. Abunə aylıq 9,99 dollar (təxminən 17 manat), illik 49,99 dollar (təxminən 85 manat)dır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...