Arctic Fox toxunma ekranlı Super Mouse siçanını təqdim etdi
“Arctic Fox Technologies” toxunma ekranlı “Super Mouse” siçanı üçün “Kickstarter” kampaniyasına başlayıb. Qurğuda 720 x 720 piksel təsvir ölçülü ekran var. Ekranın ölçüsü 3,1 düymdür. Siçan həm “Mac”, həm də PC ilə işləyir. Layihə “Apple”ın ilk toxunma ekranlı “Mac” modelini çıxarmağa hazırlaşdığı vaxt üzə çıxıb. Bütün funksiyalar “macOS” və “Windows” üçün hazırlanmış “Flow” tətbiqindən idarə olunur.
İstifadəçi siçanın ekranına tətbiqləri açmaq, alətləri dəyişmək və tez-tez işlədilən əmrləri yerinə yetirmək üçün düymələr əlavə edə bilər. “Super Mouse” açıq tətbiqi tanıyır və həmin proqram üçün hazırlanmış idarəetmə düymələrini avtomatik göstərir. İş, ev və başqa məqsədlər üçün ayrıca profillər yaratmaq da olur. Fiziki “Hyper Keys” düymələri bir toxunuşla bir neçə tətbiqi və əmri ardıcıl işə sala bilir.
Ekrana 2 dəfə toxunduqda siçan bir neçə barmaq hərəkətini tanıyan trekpad rejiminə keçir. Bu rejimdə səhifəni sürüşdürmək, görüntünü böyütmək və başqa əməliyyatları barmaq hərəkətləri ilə yerinə yetirmək olur. Ekranda müxtəlif məzmun göstərmək və barmağı sürüşdürərək yazmağa yarayan virtual klaviaturadan istifadə etmək də olar. Qurğu 90-dan çox dildə səsli diktəni tanıyır və danışığı cihazın özündə mətnə çevirir. Daxili hərəkət sensorları siçanı əyməklə və çevirməklə əmrləri işə salır.
Çoxsaylı funksiyalarına baxmayaraq, “Super Mouse” simsiz qoşulmur. Siçan kompüterə USB-C kabeli ilə bağlanır. Korpusun iri və künclü olması onun nə dərəcədə rahat olacağı ilə bağlı suallar doğurur. “Arctic Fox Technologies” şirkətinin sözlərinə görə, istifadəçinin ovucu ekrana toxunmur və bununla da təsadüfi əmrlərin qarşısı alınır. Ekrana toxunmağın adi klaviatura qısayollarından daha sürətli olub-olmayacağı hələ məlum deyil.
“Kickstarter” kampaniyasında “Super Mouse” 199 dollara (təxminən 340 manat) satılır. Pərakəndə satış qiyməti 249 dollardan (təxminən 420 manat) başlayacaq. Kampaniyanın maliyyələşdirmə müddəti 8 dekabrda başa çatır. İlk çatdırılmalar 2027-ci ilin fevralına planlaşdırılıb və hazırda 85 nəfər layihəni maliyyələşdirib. Bununla belə, kampaniya uğursuz ola və çatdırılma gecikə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...