Motorola Razr Flex qatlanan smartfonunun fotosu və göstəriciləri sızdı
“Motorola Razr Flex” qatlanan smartfonunun 2027-ci ildə çıxacağı gözlənilir. Telefonun real şəraitdə çəkildiyi deyilən ilk fotosu internetə sızıb. Görüntüyə əsasən, model “Galaxy Z Fold 8” və “iPhone Duo” kimi qısa və enli gövdəli olacaq. Sızma telefonun əsas texniki göstəricilərini də üzə çıxarıb.
Fotoda arxa paneldə 2 kamera və “Google Pixel” telefonlarını xatırladan üfüqi kamera bloku görünür. Gövdənin qısa və enli forması əvvəlki tizerlərdə göstərilən dizaynla üst-üstə düşür. İddialara görə, “Razr Flex” ölçü baxımından “Samsung” və “Apple” şirkətlərinin hazırladığı enli qatlanan modellərdən daha kiçik olacaq. Fotodakı ölçü nisbətləri də bunu göstərir.
Sızan məlumatlara görə, “Motorola Razr Flex”də 4,97 düymlük xarici və 6,92 düymlük daxili ekran olacaq. Xarici ekranda telefonu açmadan əsas funksiyalardan yararlanmaq olar. Modeldə 5000 mAh tutumlu batareya və 12 GB RAM gözlənilir. Arxadakı 2 kameranın hər birinin 50 MP olacağı iddia edilir.
Smartfonun satışa “Android 17” ilə çıxacağı gözlənilir. Müqayisə üçün, “Razr Fold” bu yeniləməni yalnız indi almağa başlayıb. Prosessor kimi hələ təqdim edilməmiş “Qualcomm SM8845 Pro” göstərilir. Çipin satışda “Snapdragon 8 Gen 5 Pro” adlanacağı düşünülür. Fotodakı rəng seçiminin isə “Coriander” adını daşıyacağı ehtimal olunur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar