
Orta büdcəli Google Pixel 10a barəsində bəzi təfərrüatlar təqdim edilib
Google keçən ay Pixel 10 smartfon seriyasını təqdim etdi. Bu seriyaya Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil oldular. Lakin Google sözügedən smartfon seriyasında daha bir model üzərində çalışır. Söhbət, orta büdcəli Pixel a seriyasının yeni modeli olacaq Pixel 10a-dan gedir. İnsayderlərin sözlərinə əsasən Pixel 10a modeli 2026-cı ilin əvvəlində satışa çıxacaq. O özündə Pixel 9a-nın özəlliklərini birləşdirəcək, lakin Pixel 10-un yeni funksiyalarını əldə etməyəcək.

Gözləntilərə əsasən Pixel 10a smartfonu Pixel 10-da istifadə edilən Tensor G5 prosessoru əvəzinə Tensor G4 prosessoru vasitəsilə çalışacaq və UFS 4.0 standartlı daxili yaddaş həcmi əvəzinə UFS 3.1 standartlı daxili yaddaş həcmini əldə edəcək. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Pixel 10a-da teleobyektiv və müəyyən süni intellekt imkanları olmayacaq. Belə ki, Tensor G4 prosessoru süni intellekt imkanlarının öhdəsindən gəlmək üçün yetəri səviyyədə gücə sahib deyil. Məlumatda qeyd edilib ki, Pixel 10a-nın ekranının maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 9a-nın ekranının maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir.
Paylaş