Meta ayrıca Instagram mesajlaşma tətbiqi Direct-i sınaqdan keçirir
Sosial Media
17.11.2026
“Meta” “Instagram”dakı şəxsi mesajları ayrıca tətbiqə köçürmək üçün “Direct”i sınaqdan keçirməyə başlayıb. “Android” və “iOS” üçün hazırlanan tətbiq ilk mərhələdə Türkiyə və Taylandda sınağa açılıb. “Direct”də ailə və dostlarla təkbətək, eləcə də qrup şəklində yazışmaq olur. Şirkət tətbiqin başqa ölkələrə nə vaxt çıxacağını və ya ümumiyyətlə çıxıb-çıxmayacağını açıqlamayıb.
“Instagram” hesabı olanlar “Direct”ə eyni istifadəçi adı və şifrə ilə daxil ola bilər. Bu zaman mövcud söhbətlər hər 2 tətbiqdə sinxronlaşır. Hesabı olmayanlar telefon nömrəsi və ya elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər. Belə istifadəçilərlə yalnız kontakt siyahısındakı və əvvəllər əlaqə saxladıqları şəxslər söhbət başlada və onları qrupa əlavə edə bilər. Kimisə əlavə etmək üçün həmin şəxsin dəqiq adını yazmaq və ya yaxınlıqda olarkən QR kodunu skan etmək olar.
“Direct”də reaksiyalar, səsli mesajlar və emojilər kimi adi ünsiyyət seçimləri var. “Draw” ilə söhbət zamanı rəsm çəkmək, “Notes” bölməsində gələnlər qutusunun yuxarısında qısa status paylaşmaq olur. “Stickers” fərdi stikerlər yaratmaq üçündür. “Voice Effects” səsli cavablara kütlə gülüşü və sualtı səs kimi effektlər əlavə edir. “Themes” bölməsində hər söhbətin fonunu ayrıca dəyişmək olar.
Tətbiqdən yalnız 13 yaşdan yuxarı şəxslər istifadə edə bilər. “Meta” yaşı təxmin edən texnologiya ilə azyaşlılara aid ola biləcək hesabları tapmağa çalışacaq. İstifadəçinin yaşı təsdiqlənməsə, hesab silinəcək. “Instagram” məlumatları ilə daxil olan yeniyetmələr üçün “Teen Accounts” hesablarındakı mesaj məhdudiyyətləri burada da qüvvədə qalacaq. Valideynlər övladlarının kimlə yazışdığını görə, təhlükəsizlik ayarlarını dəyişə və gündəlik vaxt limiti qoya biləcəklər. İstifadəçilər istənilən kontaktı şikayət edə, bloklaya, məhdudlaşdıra və ya silə bilərlər.
“Instagram” ayrıca mesajlaşma tətbiqini daha əvvəl də sınaqdan keçirib. İlk “Direct” tətbiqi 2017-ci ilin dekabrında 6 ölkədə, o cümlədən Türkiyədə açılıb. Tətbiq 2019-cu ildə bağlanıb və söhbətlər yenidən əsas tətbiqə qaytarılıb. “Instagram” mayda mesajların yalnız göndərən və alan tərəfindən oxuna bildiyi başdan sona şifrələmə seçimini dayandırıb. “Threads”ə qrup söhbətləri əlavə olunub, “Messenger”in kompüter tətbiqləri də ötən il bağlanıb. Sınaq uğurlu olsa, “Direct” “WhatsApp” və “Messenger”lə birlikdə şirkətin yalnız yazışma üçün hazırladığı 3 tətbiqdən biri olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar