Logo
    Disney Amazon-la 3 süni intellektli Star Wars robot fiquru təqdim etdi

    Disney Amazon-la 3 süni intellektli Star Wars robot fiquru təqdim etdi

        “Disney” şirkətinin Imagineering komandası “Amazon Web Services” ilə birlikdə süni intellektlə işləyən 3 “Anzellan” audioanimatroniki hazırlayıb. Səs və hərəkətlə canlandırılan bu robot fiqurlar “Star Wars” dünyasında droidləri və kosmik gəmiləri təmir edən kiçik canlılar kimi tanınır. Vilo Vele, Kado Bre’a və Jibu Bre’a adlı prototiplər parkdakı satış məkanında ziyarətçilərlə ünsiyyət quracaq. Onlar eyni səhnəni təkrar göstərməyəcək, ətrafda baş verənlərə uyğun reaksiya verəcəklər.
    Disney Amazon-la 3 süni intellektli Star Wars robot fiquru təqdim etdi
        Yeni “Anzellan” fiqurları kameralar, mikrofonlar və əlavə sensorlarla təchiz olunub. Sistem otaqdakı insanların sayını, təxmini yaşını və ümumi görünüşünü nəzərə alır. Fiqurlar ad günü nişanını və bəzi “Star Wars” geyimlərini tanıyaraq uyğun cavab seçə bilir. Həmçinin kimin danışdığını müəyyənləşdirir, həmin tərəfə baxır və operatorun müdaxiləsi olmadan bir-birinin hərəkətlərinə reaksiya verirlər.
        Personajların hər birinin öz xarakteri var. Vilo qrupun rəhbəridir. Kado diqqət mərkəzində olmağı sevən mexanik, onun əkizi Jibu isə utancaq personajdır. Onlar ingilis və Anzellan dillərində yüz minlərlə əvvəlcədən yazılmış dialoqdan istifadə edir. Süni intellekt özü yeni mətn yazmır. Bunun əvəzinə Imagineering komandasının hazırladığı cümlə və animasiyalar arasından vəziyyətə uyğun olanı seçir.
    Disney Amazon-la 3 süni intellektli Star Wars robot fiquru təqdim etdi
        Fiqurlar ətrafda baş verənləri anlamaq üçün “Amazon Bedrock” xidmətindəki görüntü, dünya və böyük dil modellərindən yararlanır. Platformada “OpenAI”, “Anthropic” və “Meta” kimi şirkətlərin modelləri var. “Kiro” adlı kodlaşdırma aləti yaradıcı fikirləri işlək proqrama çevirməyə kömək edib, nəticələrin hamısını insanlar yoxlayıb. Layihə cəmi bir neçə aya hazırlanıb və seçilən süni intellekt modelləri sonradan dəyişdirilə bilər.
    Disney Amazon-la 3 süni intellektli Star Wars robot fiquru təqdim etdi
        Prototiplər ilk dəfə 30 noyabrda Las-Veqasda keçiriləcək “AWS re:Invent” tədbirində göstəriləcək. Daha sonra fiqurlar “Disney” parklarından birinə aparılacaq. Ancaq şirkət hansı parkın seçildiyini və ziyarətçilərlə görüşlərin nə vaxt başlayacağını açıqlamayıb. Imagineering bu 3 fiquru indiyədək hazırladığı ən qabaqcıl və ağıllı audioanimatroniklər adlandırır. Layihə yalnız qısamüddətli sınaq üçün hazırlanmayıb və gələcəkdə parklarda yaradılacaq yeni təcrübələrə nümunə ola bilər.
        Fiqurlar “Olaf” robotunda və “BDX” droidlərində işlədilən robot platforması əsasında hazırlanıb. Sərbəst hərəkət edən “Olaf” modelinin daxilində kamera və mikrofon yoxdur, yeni “Anzellan” fiqurlarında isə hər ikisi var. “Disney” daha əvvəl “Nvidia” ilə hazırladığı “Olaf” robotunu Paris və Honq Konqdakı parklarına gətirib. Şirkət dayanacaqlarda qonaqlara yol göstərə biləcək süni intellektli robotları da sınaqdan keçirməyi araşdırır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...