Logo
    OECD: Süni intellektdən yararlanan şagirdlər zəif nəticə göstərib

    OECD: Süni intellektdən yararlanan şagirdlər zəif nəticə göstərib

        İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni qlobal araşdırmasına görə, dərslərdə süni intellektdən istifadə edən şagirdlər, ümumilikdə, daha zəif nəticə göstəriblər. Ancaq nəticə bu alətlərdən necə istifadə olunmasından asılıdır. Süni intellektin cavablarını tənqidi şəkildə yoxlamağı öyrənən şagirdlərin göstəriciləri cüzi də olsa yaxşılaşıb.
        2025-ci ildə toplanmış məlumatlara əsaslanan PISA qiymətləndirilməsi 91 ölkədə 15 yaşlı 760 000 şagirdi əhatə edib. Araşdırmada onların təbiət elmləri, riyaziyyat və oxu bacarıqları yoxlanılıb. Bu, süni intellekt alətlərinin geniş yayılmasından sonra keçirilən ilk PISA araşdırmasıdır. Sorğuda şagirdlərin bu alətlərdən necə istifadə etdiyi də öyrənilib.
        Şagirdlərin sosial və iqtisadi şəraiti nəzərə alındıqda, süni intellektdən heç istifadə etməyənlər təbiət elmləri üzrə daha yüksək bal toplayıblar. Oxumalı olduqları mətnləri xülasə etdirmək və yazı tapşırıqlarını hazırlatmaq üçün süni intellektə müraciət edənlərdə geriləmə daha çox olub. Alətdən ilkin araşdırma aparmaq və mövzunu öyrənmək üçün kömək alanlarda isə fərq daha az müşahidə edilib.
        İstifadə tezliyi də nəticələrə təsir göstərib. Süni intellektə ildə yalnız 1 və ya 2 dəfə müraciət edənlərlə ondan hər gün yararlananlar ən zəif nəticələri göstəriblər. Alətdən ayda və ya həftədə bir neçə dəfə istifadə edənlərin göstəriciləri nisbətən yaxşı olub. Həftədə 1 dəfə ümumi öyrənmə köməyi alanlar isə süni intellektdən istifadə etməyənləri az fərqlə qabaqlayıblar.
        Ən yaxşı nəticə süni intellektin verdiyi məlumatları qiymətləndirmək tapşırıqları ilə tez-tez qarşılaşan şagirdlərdə qeydə alınıb. Belə hazırlıq keçən və alətdən öyrənmək üçün müntəzəm yararlanan şagirdlər süni intellektdən istifadə etməyənlərdən daha yüksək bal toplayıblar. Araşdırma müəlliflərinin fikrincə, bu alətlərdən orta səviyyədə və konkret məqsədlə istifadə məktəb tapşırıqlarında faydalı ola bilər.
        Süni intellektdən istifadə imkanlı ailələrdən olan şagirdlər arasında daha geniş yayılıb. Araşdırmada bu, həmin şagirdlərin cihazlara, sabit internetə və ödənişli alətlərə daha rahat çıxışı ilə əlaqələndirilir. Vyetnamlı şagirdlərin 95%-dən çoxu süni intellekt alətlərindən istifadə etdiyini bildirib. Yaponiyada isə bu göstərici 60% olub. Alətdən hər gün istifadə edənlərin maraq səviyyəsi ən yüksək olsa da, bu, hələlik daha yüksək nəticələrə çevrilməyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...