OpenAI Dots AI köməkçisini bəzi ChatGPT Plus abunəçiləri ilə sınayır
Süni İntellekt
20.11.2026
“OpenAI” noyabrın 19-da “Dots” adlı şəxsi süni intellekt köməkçilərini az sayda “ChatGPT Plus” abunəçisi ilə sınağa başlayıb. Aylıq 20 dollarlıq (təxminən 34 manat) paketdə bu funksiya hələlik məhdud istifadəçi qrupuna açılıb. Həmin gündən bütün “ChatGPT Business Standard” istifadəçiləri də “Dots”dan yararlana bilir. Xidmət daha əvvəl yalnız “ChatGPT Pro”, “Business Premium” və “Enterprise” paketlərində var idi.
“Dots” istifadəçinin daimi nəzarəti olmadan tapşırıqları yerinə yetirən və hər zaman işlək qalan köməkçidir. Agent üçün ayrıca bulud kompüteri ayrılıb. Buna görə istifadəçi onunla danışmayanda da layihə üzərində işi davam etdirir. “Dots” kompüterə qoşulub proqramları istifadəçinin adından idarə edə, eyni vaxtda bir neçə işi görə bilir. Agentin nə etdiyini istənilən vaxt “computer” bölməsindən yoxlamaq olur.
“OpenAI-ın” əlavə bağlantılar sistemi sayəsində “Dots” 4 mindən çox tətbiqlə işləyə bilir. Beləliklə, agent müxtəlif xidmətlərdə verilən tapşırıqları ardıcıl yerinə yetirir. O, zamanla istifadəçi rəylərindən öyrənir və qarşıya qoyulan məqsədlər üzərində gecə-gündüz işləyə bilir. “OpenAI” yaxın vaxtlarda fərdi təlimatlar əlavə edib. İstifadəçilər bu bölmədə agentin necə davranacağını və cavab verəcəyini seçə bilirlər.
Agentlər əvvəlcə “GPT-6 Astra” modeli ilə işləyirdi. Bu ay “GPT-6.1 Terra” modeli də siyahıya əlavə olunub. Digər yeniliklər arasında “iOS” vidcetləri, “Shortcuts” bağlantısı və bildirişlərdən birbaşa cavab vermək var. “Dots” ilə “iMessage” və RCS üzərindən də əlaqə saxlamaq olur. “Android”də mesajlaşma funksiyası hazırda ABŞ-də yalnız “ChatGPT Pro” abunəçiləri ilə sınaqdan keçirilir.
“ChatGPT Pro” və “Business Premium” paketlərində agentlə sadə söhbətlər adi istifadə limitindən çıxılmır. Daha mürəkkəb tapşırıqlar üçün ayrıca limitlər var. “ChatGPT Work” və ya “Codex”ə verilən işlər həmin məhsulların limitindən çıxılır. Eyni qaydaların “ChatGPT Plus” və “Business Standard” paketlərinə aid olub-olmayacağı hələ açıqlanmayıb. Sınağın Plus paketində daimi qalacağı da bilinmir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar