YouTube Music süni intellektlə yaradılan mahnıları nişanlamağa başlayıb
Süni İntellekt
14.10.2026
“YouTube” 2026-cı il oktyabrın 14-dən “YouTube Music”də generativ AI, yəni məzmun yaradan süni intellektlə hazırlanmış mahnıları nişanlamağa başlayıb. İşarə mahnının tam və ya qismən süni intellektlə yaradıldığını göstərəcək. Süni intellekt bəstə, vokal və ya mahnının digər əsas hissələrində işlədilibsə, nişan görünəcək. Məqsəd dinləyiciyə trekin necə hazırlandığını daha aydın göstərməkdir.
Oxutma səhifəsində mahnı adının altında uzunsov “AI” nişanı görünəcək. Nişana toxunduqda süni intellektin mahnıda hansı işi gördüyü açıqlanacaq. İşarə həm tamamilə süni intellektlə yaradılmış treklərə, həm də vokal və ya bəstə kimi əsas hissələri AI-la hazırlanmış mahnılara qoyulacaq. Sistem əvvəlcə “YouTube Music”də açılır, daha sonra əsas “YouTube” tətbiqinə və video pleyerə əlavə olunacaq.
Musiqi tərəfdaşları əsəri yükləyərkən 3 seçimdən birini qeyd etməlidir. “Fully Gen AI” tamamilə süni intellektlə yaradılmış treklər üçündür. “Partly Gen AI” müəllifin öz ifası ilə AI hissələrinin birləşdirildiyi mahnılara aiddir. Səs yüksəkliyini düzəldən “Auto-Tune” kimi alətlərdən istifadə isə “No Gen AI” seçiminə daxildir. Tərəfdaş məlumat verməsə, “YouTube” mahnını öz aşkarlama alətləri və digər göstəricilərlə yoxlaya bilər.
“YouTube” hələlik AI musiqisini ümumi şəkildə məhdudlaşdırmır və əsas diqqəti onun necə hazırlandığını açıqlamağa yönəldir. Mahnıda süni intellektdən istifadə edilməsi gəlir qazanma hüququnu avtomatik ləğv etməyəcək. Şirkət özü də generativ musiqi alətlərini sınaqdan keçirir. “Dream Track” layihəsi seçilmiş yaradıcıların layihəyə qatılan ifaçıların AI ilə hazırlanmış səs versiyalarından musiqidə yararlanması üçündür.
Digər musiqi platformalarının AI məzmunu ilə bağlı qaydaları fərqlənir. “Spotify”da könüllü AI nişanı və musiqi spamını süzgəcdən keçirən filtr var. Platforma “AI personas” adlanan saxta ifaçıların mahnılarını tövsiyə etməyəcəyini də deyib. “Apple Music” ilin sonunadək “Made With AI” nişanını çıxarmağı planlaşdırır. “Bandcamp” isə AI ilə yaradılmış musiqini tamamilə qadağan edib.
“Deezer” iyulda gündə təxminən 90 000 tam AI mahnısı qəbul etdiyini açıqlayıb. Platforma aşkarladığı trekləri işarələyir, avtomatik tövsiyələrə və redaksiya siyahılarına salmır. Saxta dinləmələrə görə ödənişlər də dayandırılır. Bundan başqa, istifadəçilərin AI musiqisini gizlədə bilməsi üçün filtr hazırlanır. “TIDAL” tam AI ilə yaradılmış yazıları nişanlayır və istifadəçi istəsə, onları söndürə bilir. Həmin yazılara müəllif ödənişi də ayrılmır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar