
ABŞ kosmik şirkətləri hər raket uçuşu üçün lisenziya rüsumu ödəyəcəklər
Tech-Biznes
17.06.2025
Emil
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) kosmik gəmilərin buraxılışı və Yerə qaytarılması üçün lisenziyalar üzrə ödəniş tətbiq etməyə başlaya bilər. Sürətlə inkişaf edən kommersiya kosmik sənayesi fonunda agentliyə əlavə maliyyə vəsaiti tələb olunur. Hazırda raketlərin buraxılışı və qayıdışı üçün lisenziyalar pulsuz verilir. Halbuki, aviaşirkətlər FAA-ya uçuşun hər seqmenti üzrə rüsum ödəyir və özəl təyyarə sahibləri təyyarələrinin qeydiyyatı üçün ödəniş edirlər. Senator Ted Cruz kommersiya kosmik nəqliyyat idarəsini (AST) - hansı ki FAA-nın bir bölməsidir - artıq gələn ildən buraxılışlara görə ödəniş tələb etməyə çağıran qanun layihəsini təqdim edib. Rüsumların 8 il ərzində mərhələli şəkildə tətbiq edilməsi planlaşdırılır, bundan sonra isə inflyasiyaya uyğun olaraq tənzimlənəcək. Toplanan vəsaitlər AST-nin əməliyyat xərclərini qarşılamaq üçün xüsusi bir fonda yönəldiləcək.

ABŞ administrasiyası tərəfindən ötən ay dərc olunmuş 2026-cı maliyyə ili üçün büdcədə FAA-nın kommersiya kosmik nəqliyyat idarəsi olan AST üçün 42 milyon dollar ayrılıb. Ümumilikdə isə FAA-nın büdcə tələbi 22 milyard dollar təşkil edir. AST 2024 və 2025-ci illərdə də eyni səviyyədə maliyyələşmə alıb ki, bu da inflyasiyanı nəzərə aldıqda, əslində kommersiya kosmik idarəsinin büdcəsinin azaldılması deməkdir. 2015-ci ildə FAA 11 kommersiya buraxılışı və geri qayıtma əməliyyatına lisenziya vermişdi və həmin vaxt AST-nin büdcəsi 16.6 milyon dollar idi. 2024-cü ildə kosmik əməliyyatların sayı 164-ə yüksəlib, 2025-ci ildə isə kommersiya buraxılışları və enişlərinin sayı 200-ü keçəcək. Bu da 2015-ci illə müqayisədə 20 dəfə artım deməkdir. Buna baxmayaraq, bu dövrdə AST-nin büdcəsi 3 dəfədən az artıb.

Kommersiya kosmik idarəsinin maliyyələşməsi kosmik sənayenin inkişaf tempi ilə ayaqlaşmır və nəticədə buraxılış lisenziyalarının alınmasında ciddi gecikmələr yaşanır. Qanun layihəsinə əsasən, kommersiya kosmik şirkətlərindən orbitə çıxarılan faydalı yükə görə rüsum tutulması nəzərdə tutulur: 2026-cı ildən etibarən hər funt üçün 0.25$ (hər kiloqram üçün 0.55$), 2033-cü ilə qədər isə bu məbləğ hər funt üçün 1.50$-a (hər kiloqram üçün 3.3$-a) qədər artırılacaq. Buraxılış və ya eniş üçün ümumi ödəniş 2026-cı ildə 30 000$-la məhdudlaşdırılacaq, 2033-cü ildə isə bu limit 200 000$-a qədər yüksələcək. Sonrakı illərdə bu tariflər inflyasiyaya uyğun olaraq tənzimlənəcək. Ted Cruz-un fikrincə, artan kosmik buraxılışların sayı ABŞ-ın hava məkanına olan yükü əhəmiyyətli dərəcədə artıracaq.

Aviaşirkətlər və onların sərnişinləri FAA tərəfindən təyin olunan tarifləri uçuşun hər seqmentinə görə ödəyirlər, fərdi təyyarə sahibləri isə təyyarələrinin qeydiyyatına görə ödəniş edirlər. FAA həmçinin, qalxış və eniş etmədən ABŞ hava məkanından keçən təyyarələrə görə də rüsum tətbiq edir. “Demək olar ki, Milli Hava Məkan Sisteminin hər bir istifadəçisi öz istismar xərclərini qarşılamağa kömək etmək üçün sistemə müəyyən töhfə verir. Lakin qüvvədə olan qanunvericiliyə əsasən, kosmik buraxılış həyata keçirən şirkətlər bunu etmirlər və hətta istəsələr belə, ödəmə mexanizmi mövcud deyil. Kommersiya kosmik uçuşları sürətlə genişləndikcə, FAA-nın Milli Hava Məkan Sistemini idarəetmə qabiliyyətinə təsiri də artır” - deyə Ted Cruz bildirib. Təhlükəsizlik məqsədilə FAA, raketlərin buraxılış və eniş dəhlizləri boyunca kommersiya və şəxsi uçuşları hava məkanından uzaqlaşdırır.

Milli Hava Məkan Sistemi qurudan və okeanlardan ibarət 75 milyon kvadrat kilometr ərazini əhatə edir. FAA-nın məlumatına görə, ABŞ hava məkanından gündəlik olaraq 45 000-dən çox reys və 2.9 milyon aviaşirkət sərnişini keçir. Təklif olunan lisenziya rüsumları ən çox SpaceX-ə təsir edəcək. Şirkətin kosmik missiyalarının əksəriyyəti Falcon 9 raketi vasitəsilə öz Starlink genişzolaqlı peyklərinin buraxılışlarından ibarətdir. Hər belə buraxılış orbitə təxminən 17 metrik ton faydalı yükün çıxarılmasını nəzərdə tutur. Əgər Ted Cruz-un qanun layihəsi qəbul olunarsa, gələn il SpaceX hər Falcon 9 buraxılışına görə orta hesabla təxminən 9400$ ödəməli olacaq. 2024-cü ildə SpaceX bu cür 89 buraxılış həyata keçirib ki, bu da illik ödənişlərin 800 000$-dan çox olması deməkdir.

Əgər SpaceX-in digər kommersiya buraxılışları da nəzərə alınsa, bu məbləğ milyon dolları aşa bilər. Kommersiya Kosmik Federasiyası - tərkibinə SpaceX, Blue Origin kimi aparıcı şirkətlər daxil olan təşkilat - kosmik gəmilərin buraxılışı və qayıdışına görə rüsum və ya vergi tətbiq olunması ideyasına qarşı çıxır. Ötən il federasiya bəyan etmişdi ki, ABŞ hava məkanına kommersiya buraxılışları üçün çıxış aviasiya ilə müqayisədə daha nadir tələb olunur, buna görə də kosmik şirkətlərdən rüsum alınması hələlik məqsədəuyğun deyil. SpaceX qanun layihəsinin mahiyyəti ilə bağlı şərh verməkdən imtina edib. United Launch Alliance şirkətinin nümayəndəsi isə bildirib ki, şirkət ümumilikdə elə rüsumları dəstəkləyir ki, onlar əlçatan olur, ABŞ şirkətlərini xarici rəqibləri ilə müqayisədə zəif mövqeyə salmır, ədalətli, bərabər əsasda tətbiq olunur və birbaşa olaraq ümumi infrastrukturun yaxşılaşdırılmasına yönəldilir.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
