Logo
    main-post-cover

    Böyük Britaniyada Google şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb

    Tech-Biznes
    17.04.2025
    Emil
         Bu həftə Böyük Britaniyanın Rəqabət üzrə Apellyasiya Məhkəməsinə Google şirkətinə qarşı 5 milyard funt sterlinq (6.6 milyard dollar) məbləğində kollektiv məhkəmə iddiası təqdim edilib. ABŞ mənşəli şirkət internet reklamlarının yerləşdirilməsi qiymətlərini artırmaq məqsədilə onlayn axtarış bazarındakı dominant mövqeyindən istifadə etməkdə ittiham olunur. İddia müəlliflərinin fikrincə, Google öz mövqeyini möhkəmləndirmək üçün rəqib axtarış sistemlərinin fəaliyyətini məhdudlaşdıraraq bazardakı üstünlüyündən sui-istifadə edir. Bu fəaliyyət nəticəsində Google internet reklamlarını yerləşdirmək üçün sərfəli şərtlər təklif edən yeganə şirkətə çevrilir.
         İddia, antimonopoliya hüququ üzrə ekspert Or Brook tərəfindən, 1 yanvar 2011-ci ildən etibarən Google axtarış sistemində reklam yerləşdirmə xidmətlərindən istifadə edən 100 minlərlə Britaniya şirkət və təşkilatının adından irəli sürülüb. Məhkəmədə onun maraqlarını Geradin Partners hüquq şirkəti təmsil edəcək. “Bu gün Böyük Britaniyadakı böyük və kiçik şirkətlərin, təşkilatların demək olar ki, başqa seçimi yoxdur - məhsul və xidmətlərini tanıtmaq üçün Google reklamından istifadə etməlidirlər” - deyə iddia ərizəsində bildirilir. Or Brook əmin olduğunu bildirib ki, Google internet axtarışı və onlayn reklam bazarındakı dominant mövqeyindən istifadə edərək öz xidmətlərinin qiymətlərini süni şəkildə artırır.
         Onun fikrincə, bu məhkəmə iddiası Google-un qanunsuz fəaliyyətlərinə görə cavabdeh olmasını təmin edəcək və Böyük Britaniyadakı zərərçəkmiş reklamverənlərə kompensasiya almağa kömək edəcək. Google isə bu işi “spekulyativ və fürsətçi” adlandırıb və məhkəmədə ittihamları “qəti şəkildə” rədd etməyə hazır olduğunu bildirib. “İstehlakçılar və reklamverənlər Google-dan ona görə istifadə edirlər ki, faydalıdır, alternativ olmadığına görə yox” - deyə şirkət nümayəndəsi əlavə edib.
         Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) 2020-ci ildə apardığı araşdırmada müəyyən edib ki, onlayn reklam bazarındakı ümumi gəlirin 90%-i Google-un payına düşür. İddia müəllifləri hesab edirlər ki, Google internet axtarış sahəsində rəqabəti məhdudlaşdırmaq üçün bir sıra addımlar atıb. Bunların arasında, istehsalçılarla bağlanan müqavilələr də var - bu müqavilələrə əsasən, smartfon istehsalçıları öz cihazlarında Google axtarış sistemini və Chrome brauzerini standart olaraq təqdim edirlər. Həmçinin qeyd olunur ki, Google Safari brauzerində öz axtarış xidmətini standart seçim kimi göstərmək üçün Apple şirkətinə milyardlarla dollar ödəyir.
    Mənbə: CNBC
    Paylaş