Logo
    main-post-cover

    Elon Musk siyasətdən biznesə qayıdır

    Tech-Biznes
    26.05.2025
    Emil
         Hələ ötən il məlum olmuşdu ki, amerikalı biznesmen Elon Musk Donald Trump-ın administrasiyasında vəzifə alacaq və Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək. ABŞ prezidenti dəfələrlə Musk-ı hökumətdəki işi üçün tərifləyib, halbuki bu müddətdə onun biznes fəaliyyəti ikinci plana keçmişdi və ən böyük aktiv olan Tesla səhmlərinin dəyəri sürətlə azalmağa başlamışdı. Elon Musk təhlükəsizlik məsələləri, ictimaiyyətin tənqidləri və biznesdəki çətinliklər səbəbilə ABŞ siyasətindən uzaqlaşmaq qərarına gəlib.
         Bu barədə The Washington Post nəşri məlumat yayıb və qeyd edib ki, biznesmen ona və şirkətlərinə qarşı yaranan mənfi reaksiyanın miqyasına təəccüblənib. İndi milyarder diqqətini daha çox Tesla və SpaceX-ə yönəldəcək. Musk bu məlumatı sosial şəbəkə X-də paylaşdığı postla faktiki olaraq təsdiqləyib. O yenidən 24 saatlıq iş rejiminə və ofislərdə, server otaqlarında və zavod sahələrində gecələməyə qayıtdığını yazıb.
         Onun sözlərinə görə, hazırda xAI və Tesla üzərində tam diqqətini cəmləməlidir, üstəlik bu həftə Starship raketinin növbəti test məqsədli uçuşu gözlənilir. Biznesmen sosial şəbəkə X-də son vaxtlar yaşanan nasazlıqlara da toxunaraq etiraf edib ki, fövqəladə rejimdə sistemin avtomatik keçidi işə yaramayıb və bu səbəbdən operativ təkmilləşdirmələrə ehtiyac var. 2025-ci ilin may ayına olan məlumata əsasən, Elon Musk-ın ümumi aktivlərinin dəyəri 130 milyard dollardan çox azalıb. Bu tendensiya davam edərsə, Musk planetin ən varlı insanı statusunu itirmək riski ilə üzləşə bilər.
    Paylaş