
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
Tech-Biznes
01.08.2025
Emil
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib. Bu səbəbdən həmin şirkətlər artıq süni intellekt funksiyalarının imkanları və əlçatanlığı ilə bağlı şişirdilmiş və ya qeyri-dəqiq iddialara görə bəzi açıqlamalarını yenidən nəzərdən keçirir və ya geri çağırırlar. Texnologiya sahəsinin ən böyük oyunçuları süni intellektə yatırdıqları böyük investisiyaları geri qaytarmaq üçün genişmiqyaslı marketinq kampaniyaları, təsirli təqdimat videoları və aqressiv reklam üsullarından istifadə edirlər. Lakin süni intellektin imkanlarını bütün qeydləri nəzərə alaraq sürətli, inandırıcı və dəqiq şəkildə təqdim etmək hər zaman asan olmur.

NAD, süni intellekt alətləri geniş ictimaiyyətə təqdim olunmağa başladıqdan sonra bu sahədəki reklamları daha fəal şəkildə yoxlamağa başlayıb. NAD hüquqşünası Laura Protzmann bildirib: “Biz hesab etdik ki, bu diqqət yetirilməli vacib bir sahədir, çünki istehlakçılar belə iddiaları özləri qiymətləndirməkdə çətinlik çəkə bilərlər”. Bəzi marketinq iddiaları təsdiqini tapsa da, bir çox reklam materiallarında açıq-aşkar şişirtmələr və qeyri-dəqiq ifadələr aşkar edilib. Aprel ayında NAD müəyyən edib ki, Apple-ın rəsmi saytında iPhone üçün hələ tətbiq olunmamış süni intellekt funksiyaları “artıq əlçatandır” kimi açıq şəkildə reklam olunurdu, müşayiətedici məlumatlar isə kiçik şriftlə və kifayət qədər aydın olmayan şəkildə təqdim edilmişdi. Apple NAD-ın nəticələri ilə razılaşmasa da, qurumun tövsiyələrinə əməl edəcəyini bildirib. Hazırda bu funksiyaların əksəriyyəti artıq əlçatandır və saytda Siri rəqəmsal köməkçisinin yeni imkanlarının hələ də inkişaf mərhələsində olduğu qeyd olunub.

Ötən il NAD-ın təzyiqi nəticəsində Google YouTube-dan süni intellekt köməkçisi Gemini-ni təqdim edən videonu silib. Həmin videoda Gemini həm rəsmləri tanıyır, həm də musiqi bəstələyirdi. İndi bu video yalnız şirkətin bloqunda yerləşdirilib və Google nümayəndəsinin sözlərinə görə, videoya məhsulun işləmə prinsiplərinin dəqiq təsviri kimi baxmaq olmaz. Microsoft, Copilot köməkçisinin Business Chat funksiyasını reklam edən səhifəni silib. Həmin səhifədə məhsulun “bütün məlumatlarınızla fasiləsiz işlədiyi” iddia olunurdu. Şirkət əlavə olaraq açıqlayıb ki, Copilot-dan 10 həftə istifadə etdikdən sonra respondentlərin 75%-i məhsuldarlıq artımı hiss etdiklərini bildirsə də, bu məlumatlar yalnız subyektiv qiymətləndirməni əks etdirir və obyektiv ölçülərə əsaslanmır.

Microsoft NAD-ın bəzi yanıltıcı ifadələrlə bağlı nəticələri ilə razılaşmasa da, qurumun tövsiyələrinə əməl etməyi qəbul edib. Keçən ay NAD tərəfindən aparılan araşdırmadan sonra Samsung süni intellekt funksiyalı soyuducusunun “içində nə olduğunu avtomatik müəyyənləşdirir, beləliklə siz hər zaman məlumatlı olursunuz” iddiasından imtina etməli olub. Məlum olub ki, bu cihazda quraşdırılmış kamera yalnız yaxşı görünən halda cəmi 33 konkret qida məhsulunu tanıya bilir. ABŞ Federal Ticarət Komissiyası (Federal Trade Commission, FTC) da bu sahədəki reklamları araşdırır və sentyabr ayında “Operation AI Comply” kampaniyası çərçivəsində bir neçə iddia qaldırıldığını elan edib.

Məsələn, süni intellekt əsaslı onlayn platformanı ayda 10.000 dollar gəlir vəd edən vasitə kimi reklam edən Ascend Ecom şirkətinə bu cür xidmətləri göstərməyə ömürlük qadağa qoyula və 25 milyon dollar məbləğində aktivləri müsadirə oluna bilər. Marketinq üzrə professor George Heudorfer-in fikrincə, süni intellektin müxtəlif sahələrə daxil olması ilə istehlakçılar şübhəli marketinq hallarının artmasını gözləməlidirlər. “Əgər siz süni intellekti sehr kimi təqdim edirsinizsə, istər-istəməz diqqət mərkəzinə düşürsünüz. Bəzən şişirtmələr sadəcə lovğalanma deyil. Onlar məhsuldarlıqla bağlı iddialardır və bu cür iddialar yalnız hesabat və ya cazibədar ifadə ilə deyil, daha ciddi sübutlarla əsaslandırılmalıdır” - deyə Heudorfer bildirib.
Paylaş